Həbsdə olan jurnalistin dostları ilə telefon danışığı kəsilib

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) telefon danışıqlarına maneə yaradılır.

Bu barədə Aytac Tapdığın ailəsi Meydan TV-yə məlumat verib.

Ailənin sözlərinə görə, Aytacla telefonla danışarkən dostları onunla salamlaşdıqdan dərhal sonra telefon əlaqəsi kəsilib.

“Birinci gün Aytacın zəng günü idi. Bacısı uzaqda yaşadığı üçün digər telefonla onları danışdırdıq. Daha sonra dostları Aytacla salamlaşmaq, halını soruşmaq istədi. Elə yeni danışmağa başlamışdılar ki, zəng kəsildi. Aytac onsuz da haqsız yerə həbs olunub. Bir də dostları ilə adi telefon danışığından məhrum etmək nə deməkdir?”, – deyə ailəsi sual edir.

Həmçinin ailə bildirib ki, zəng bərpa edilməyib və onlar jurnalistlə gün ərzində əlaqə saxlaya bilməyib. Ailənin müəssisəyə zəngləri də cavabsız qalıb. 

Ailə bildirib ki, Aytac Tapdıqla yalnız bir gün sonra əlaqə saxlamaq mümkün olub.

Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da həbs edilib.

Bu iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə — qaçaqmalçılıq əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — ittiham irəli sürülüb.

2025-ci il fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər. Onlar siyasi sifarişlə həbs olunduqlarını, məqsədin ölkədə müstəqil medianı və azad səsləri susdurmaq olduğunu bildirirlər.

Ana səhifəSiyasətHəbsdə olan jurnalistin dostları ilə telefon danışığı kəsilib