Azərbaycanın bir çox çimərliyində dəniz suyu çirkləndiyi üçün çimmək qadağan edilib.
Səhiyyə Nazirliyinin ötən gün yaydığı məlumata görə, Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Xaçmaz rayonunun Niyazoba qəsəbələrində, həmçinin Lənkəranın Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi və Kiçik Bazar yaşayış massivində dəniz suyunun keyfiyyət göstəriciləri normativ tələblərə cavab vermir. Bunun səbəbi həmin ərazilərdə çimərliklərin tullantı və çirkab suları ilə çirklənməsidir.
Sanitariya normaları pozulub
Qurumun açıqlamasında bildirilir ki, həmin ərazilərdə fəaliyyət göstərən həm qanuni, həm də qeyri-qanuni çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edilib. Səhiyyə Nazirliyi bundan əvvəlki illərdə də ölkədəki bir çox çimərliklə bağlı oxşar qərarlar qəbul edib. Son monitorinqlər isə onların çoxunda vəziyyətin dəyişmədiyini göstərir.Vətəndaşlar çimərliklərdəki sanitar vəziyyətlə yanaşı, qiymətlərlə bağlı da tez-tez şikayətlənirlər.
Dübəndidə Xəzər dənizinə neft axıb
Ekoloji gərginliyi artıran digər amil iyunun 22-də sosial şəbəkələrdə Bakıdan 40 kilometr aralıda yerləşən Dübəndi qəsəbəsi sahilində Xəzər dənizinin geniş ərazisində dənizə neftin axması ilə bağlı yayılan görüntülər olub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilirdi ki, çirklənmənin mənbəyi “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən biridir. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmərlə neftin nəqli dayandırılıb.
“Azneft” İB-nin dalğıc xidmətinin araşdırmaları nəticəsində sualtı neft kəmərində mexaniki zədələnmələr aşkarlanıb. İlkin qiymətləndirməyə əsasən, bu xəsarətlər xarici predmetlə- ehtimal ki, gəmi lövbəri ilə təmas nəticəsində yaranıb. Zədələnmə aşkar edildikdən sonra təmir-bərpa işlərinə başlanılıb.
Bu hadisə Xəzər dənizinin ekoloji durumu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Son illər ekoloqlar davamlı olaraq dənizin çirklənməsinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, Xəzərin ekoloji böhranı əsasən qurudan daxil olan çirkab suları, sənaye tullantıları və neft hasilatı ilə bağlı qlobal problemdir.Ekoloqlar sahilyanı ölkələrin çirklənmə ilə mübarizəsini yetərsiz sayır.
Nəzarətsiz çimərliklərdə bədbəxt hadisələr: 4 nəfər batıb
Çimərliklərdəki ekoloji təhlükələrlə yanaşı, dənizdə can itkiləri ilə nəticələnən ağır bədbəxt hadisələr qeydə alınıb. İyunun 22-də Mərdəkanda ən yaxın xilasetmə məntəqəsindən 3 kilometr aralıda, nəzarətsiz ərazidə çimən dörd nəfər batıb. şəxslərdən 35 yaşlı Əzimov Namiq İsabala oğlunun, 21 yaşlı Əbdülov Elnur İsa oğlunun və 19 yaşlı Əbdülov Elmar İsa oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib. 23 yaşlı Məcidov Pərviz Zöhrab oğlunun axtarışları dənizdə davam etdirilir.