“Cərimə dərhal gəlir, cavab aylarla yox”: Bakı sakini dövlət qurumlarından şikayətçidir

Şikayətçi – Foto: Chatgpt ilə hazırlanıb

Bakı sakini Tural Həbilov Meydan TV-yə müraciət edərək dövlət qurumlarına ünvanladığı çoxsaylı məktubların cavabsız qalmasından şikayətlənib.

O deyir ki, son üç ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Prezident Administrasiyasına, Ombudsman Aparatına, Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Tarif Şurasına və Milli Məclisə 70-dən çox müraciət göndərib. Müraciətlərində sosial təminat, pensiya sistemi, kommunal və xidmət tariflərinin artması, vətəndaşların yaşayış xərclərinin ağırlaşması kimi məsələlərin araşdırılmasını istəyib.

Tural Həbilovun sözlərinə görə, məktublarının böyük hissəsi cavabsız qalıb, cavab verilən müraciətlərdə isə qaldırdığı problemlərə konkret münasibət bildirilməyib.

“İnsanlara deyirlər ki, hay-küy salmayın, rəsmi qaydada müraciət edin, məktub yazın. Amma yazdığımız məktublar da aylarla cavablandırılmır. Bəzən də bir-iki cümləlik formal cavab göndərilir. Mənim kimi minlərlə vətəndaş var. Sadəcə, çoxu məktub yaza bilmir, çoxu da sistemin təzyiqindən qorxur”, – Tural Həbilov deyir.

“Yük sistemli şəkildə vətəndaşın üzərinə qoyulur”

Tural Həbilov bildirir ki, Azərbaycanda son illər əhalinin gündəlik həyatına birbaşa təsir edən qərarlar — vergilər, cərimələr, kommunal ödənişlər və xidmət tarifləri — ardıcıl şəkildə artırılır və bu artımlar dərhal qüvvəyə minir.

Onun sözlərinə görə, əhalinin sosial müdafiəsinə yönəlmiş mexanizmlər isə illərlə müzakirə mövzusu olaraq qalır:

“Vergilər, cərimələr, kommunal və xidmət tarifləri ardıcıl olaraq artırılır və bu artımlar dərhal qüvvəyə minir. Lakin əhalinin xeyrinə olan sosial mexanizmlər — uşaq pulu, gənc ailələr üçün dəstək, yaşayış minimumuna uyğun yardım — illərlə müzakirə olunur, amma nəticə olmur. Nəticədə yük sistemli şəkildə vətəndaşın üzərinə qoyulur”.

O deyir ki, rəsmi açıqlamalarda maaşların, pensiyaların və sosial ödənişlərin artırıldığı bildirilsə də, gündəlik həyat xərcləri bu artımları üstələyir:

“İctimai nəqliyyat, kommunal ödənişlər, ərzaq və gündəlik xərclər əvvəlki illərlə müqayisədə dəfələrlə bahalaşıb. Niyə əhalinin cibinə birbaşa təsir edən qərarlar dərhal qəbul olunur, amma əhalinin xeyrinə olan sosial addımlar illərlə gecikdirilir?”

Pensiya sistemi ilə bağlı narazılıq

Tural Həbilovun qaldırdığı məsələlərdən biri də pensiya sistemidir. O hesab edir ki, mövcud qaydalar sıravi vətəndaşlar üçün staja görə pensiyaya çıxmaq imkanını məhdudlaşdırıb.

Onun fikrincə, bəzi dövlət qurumlarının əməkdaşları və məmurlar üçün əvvəlki qaydaların saxlanılması cəmiyyətdə bərabərlik prinsipi ilə bağlı suallar yaradır:

“Azərbaycandakı sistem sıravi vətəndaşlar üçün staja görə pensiyaya çıxmaq hüququnu çətin və əlçatmaz edib. Amma eyni sistem öz məmurları və bəzi qurumların əməkdaşları üçün köhnə qaydaları saxlayıb. Bu, vətəndaşlara iki fərqli yanaşmanın tətbiq edilməsi deməkdir”.

Tural Həbilov deyir ki, dövlət vətəndaşlardan qanunvericiliklə nəzərdə tutulan öhdəliklərin vaxtında və tam yerinə yetirilməsini tələb edir. Amma onun fikrincə, sosial təminat, mülkiyyət, təhsil və müraciət hüququ ilə bağlı öhdəliklərin icrasında ciddi problemlər qalır.

O, bəzi kənd məktəblərinin infrastruktur vəziyyətini, pensiya kapitalı və vərəsəlik hüquqları ilə bağlı məhdudiyyətləri buna nümunə göstərir.

“İnsanlar ümidini itirir”

Tural Həbilov bildirir ki, yerli dövlət qurumlarından nəticə ala bilmədiyi üçün beynəlxalq təşkilatlara da müraciət edib. Onun sözlərinə görə, Avropa Parlamentinə, Avropa İnsan Hüquqları Məhkəməsinin katibliyinə, Almaniyanın Azərbaycandakı səfirliyinə və Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansına məktublar göndərib.

O deyir ki, məqsədi fərdi məsələni yox, minlərlə vətəndaşın üzləşdiyi problemi gündəmə gətirməkdir:

“Məktublarımıza aylarla cavab verilmir. Cavab gələndə də çox vaxt formal olur. Bu vəziyyət insanları yorur, əsəblərini tarıma çəkir və ümidsizliyə sürükləyir. Artıq bir çox vətəndaşda belə fikir yaranıb ki, cərimə də onlarındır, qanun da onlarındır, prokurorluq da onlarındır, susub oturmaq lazımdır”.

Tural Həbilov hesab edir ki, gənclərin ölkəni tərk etməsinin səbəblərindən biri də bu ədalətsizlik hissidir:

“Mən niyə sistemin ədalətsizliyinin qurbanı olaraq əcdadlarımdan miras qalan doğma yurdumu tərk etməliyəm? Öz ölkəmdə niyə hüquqlarım tapdalanmalıdır?”.

Hüquqşünas: “Üç ay cavabsız qalması yolverilməzdir”

Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, vətəndaş müraciətlərinin üç ay ərzində cavabsız qalması qanunvericiliyin tələblərinə uyğun deyil.

Onun sözlərinə görə, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, dövlət qurumları və vəzifəli şəxslər müraciətlərə ən geci 15 iş günü ərzində cavab verməlidirlər. Əlavə araşdırma tələb olunan hallarda bu müddət 30 iş gününədək uzadıla bilər.

“Müraciətin üç ay cavabsız qalması yolverilməzdir. Əgər vətəndaş konkret qurumdan və ya vəzifəli şəxsdən şikayət edirsə, həmin şikayətin elə həmin quruma göndərilməsi qanunun mahiyyətinə ziddir. Müraciət başqa quruma yönləndirilirsə, vətəndaşa bu barədə rəsmi məlumat verilməlidir. Müraciəti tamamilə cavabsız saxlamaq olmaz”, – hüquqşünas bildirib.

Ruslan Əliyev hesab edir ki, Tural Həbilovun qaldırdığı məsələlər fərdi xarakter daşımır, ictimai əhəmiyyətlidir.

Onun sözlərinə görə, dövlət qurumlarının uzun müddət cavab verməməsi hüquqi baxımdan “inzibati hərəkətsizlik” kimi qiymətləndirilə bilər:

“Əgər müraciətlər uzun müddət cavabsız qalırsa, vətəndaş cavab verməyən dövlət orqanının hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verə bilər”.

Qurumlar Meydan TV-nin də sorğularını cavablandırmayıb

Meydan TV Tural Həbilovun müraciət göndərdiyi qurumlara – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ombudsman Aparatına, Nazirlər Kabinetinə, Tarif Şurasına sorğu göndərib və vətəndaşa cavab verilməmisini aydınlaşdırmağa çalışıb. 

Qanunvericiliyə uyğun olaraq cavab üçün nəzərdə tutulan müddət gözlənilsə də, məqalə dərc olunan vaxta qədər sorğularımıza cavab verilməyib. 

Qurumların mövqeyini əldə etsək, onu ayrıca təqdim edəcəyik.

Birinci məktub və ikinci məktub

Ana səhifəSosial“Cərimə dərhal gəlir, cavab aylarla yox”: Bakı sakini dövlət qurumlarından şikayətçidir