ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian müharibəni bitirən ilkin sazişə imza atıblar.
Tramp iyunun 17-də Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib ki, ABŞ İranda rejim dəyişikliyinə nail olub.
“Rejim dəyişikliyindən danışırsınız, bəlkə də, heç kim bunu belə adlandırmaz, amma məncə, elədir. Birinci liderlər qrupu artıq yoxdur, ikinci liderlər qrupu da yoxdur. Üçüncü liderlər qrupunun da bir hissəsi artıq yoxdur. Məncə, bu, elə rejim dəyişikliyidir”, – Tramp deyib.
Onun szölərinə görə, hazırda İranda daha az radikallaşmış rəhbərlik hakimiyyətdədir və bununla da faktiki olaraq rejim dəyişikliyinə nail olunub.
Razılaşmada nələr var?
Bu razılaşma növbəti 60 gün ərzində yekun sənədin hazırlanması üçün tərəflərə vaxt qazandırır. Əldə olunmuş 14 maddəlik Memorandumun əsas bəndləri aşağıdakılardır:
- Hərbi Əməliyyatların Dayandırılması. Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılır.
- Hörmüz boğazının açılması. ABŞ dəniz blokadasını 30 gün ərzində tamamilə qaldıracaq. İran isə 60 gün müddətinə ticari gəmilərin boğazdan ödənişsiz və təhlükəsiz keçidinə şərait yaradacaq.
- Sanksiyaların ləğvi və neft ixracı. ABŞ İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edəcək və İranın dondurulmuş aktivlərini sərbəst buraxacaq. Keçid dövründə İran xam neftinin ixracı üçün xüsusi icazələr veriləcək.
- Nüvə Proqramı. İran nüvə silahı əldə etməyəcəyini və istehsal etməyəcəyini yenidən təsdiqləyir. Uranyumun zənginləşdirilməsi və digər texniki məsələlər isə növbəti danışıqlarda müzakirə olunacaq.
- Bərpa Fondu. İranın yenidən qurulması və iqtisadi inkişafı üçün regional tərəfdaşlarla birlikdə 300 milyard dollarlıq plan hazırlanacaq. Lakin ABŞ-nin bu fonda birbaşa maliyyə töhfəsi verməsi tələb olunmur.
Saziş imzalansa da, qarşılıqlı təhdidlər davam edir
Sazişin imzalanmasına baxmayaraq, tərəflər arasında qarşılıqlı inamsızlıq və təhdidlər davam edir. Donald Tramp bəyan edib ki, əgər İran şərtlərə əməl etməsə, ABŞ ordusu ölkəni “cəhənnəmə döndərəcək”. İran tərəfindən danışıqları aparan ölkə parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə ABŞ-yə zərrə qədər də güvənmədiklərini və “barmaqlarının tətikdə olduğunu” bildirib. Qalibaf həmçinin əlavə edib ki, 60 gündən sonra İran Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı tələb etmək hüququnu özündə saxlayır.
Digər tərəfdən, sazişin mətni Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutsa da, yerli medianın verdiyi məlumata görə, İsrail ordusu bu səhər Livanın cənubundakı Kfar Tebnit, Beyt Yahun və Hadata bölgələrinə dron zərbələri endirib. İsrail tərəfi isə cənubda bir əsgərinin öldüyünü açıqlayıb və Hizbullahı terror yaymaqda ittiham edib. İran Xarici İşlər Nazirliyi İsrailin bu hücumlarının sazişin birbaşa pozulması demək olduğunu vurğulayıb. İsrail hökuməti isə hələlik ABŞ və İran arasındakı bu razılaşmaya rəsmi münasibət bildirməyib.
Bu hadisələrin fonunda, iqtisadi bazarlarda artıq müsbət dinamika müşahidə olunur. Hörmüz boğazının açılacağı xəbəri ilə dünya bazarında Brent markalı neftin qiyməti son günlərdə 120 dollardan enərək hazırda 74.80 dollar səviyyəsinə düşüb. Yaxın saatlarda İsveçrənin Bürgenstok şəhərində vasitəçilərin iştirakı ilə sənədin icrasına dair ilkin diplomatik görüşlərin keçirilməsi planlaşdırılır.
2025-ci ilin iyununda ABŞ və İsrail qüvvələrinin İranın nüvə və hərbi obyektlərinə hava zərbələri endirib. Növbəti dəfə münaqişə 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə açıq müharibəyə çevrildi. Ardınca İran Hörmüz boğazını bağladı, ABŞ bazaları və neft tankerlərinə zərbələr endirdi ki, bu da qlobal enerji bazarlarında ciddi təlatümlərə səbəb oldu. Pakistan və Çinin vasitəçiliyi ilə 8 aprel 2026-cı ildə atəşkəs əldə edildi və sonradan müddətsiz uzadıldı. Nəhayət, 17 iyun 2026-cı ildə Fransada keçirilən G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian müharibəyə son qoyan ilkin memorandum imzaladılar.