Bakı metrosunun genişləndirilməsi üçün 2,5 milyard dollar xərclənəcək

Foto: Felix Lipov/shutterstock

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na görə, yaxın gələcəkdə 51 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda isə “Bakı Metropoliteni”nə məxsus 3 xətt üzrə 27 stansiya mövcuddur. Dövlət Proqramı tam reallaşarsa, metro xətlərinin ümumi uzunluğu 41 kilometrdən 84,3 kilometrə çatdırıla bilər.  2030-cu ilə kimi isə əsas hədəf 10 yeni metro stansiyasının tikintisi, Yaşıl və Qırmızı xətlərin ayrılması, depo infrastrukturunun təkmilləşdirilməsi və yeni vaqonların alınmasıdır.

Hədəflər və reallıqlar

Bir müddət əvvəl “Bakı Metropoliteni”nin saytında yayımlanan məlumatdan aydın olur ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinin maliyyə təminatı üçün iki beynəlxalq maliyyə institutuna müraciət edilib.

Beynəlxalq bankların apardığı qiymətləndirmələrə görə, Azərbaycan hökuməti “Bakı Metropoliteninin İnkişafı” layihəsinə 2,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Bu məqsədlə Asiya İnkişaf Bankına (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) layihələrin maliyyələşdirilməsi üçün hər birindən təxminən 1 milyard dollar kredit ayrılması ilə bağlı müraciət olunub.

AİİB tərəfindən iki depo və Yaşıl xətt üzərində yerləşəcək dörd stansiyanın tikintisinin, AİB tərəfindən isə Bənövşəyi xətt üzrə beş yeni stansiyanın inşasının və yeni vaqonların alınmasının maliyyələşdirilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi, “Bakı Metropoliteni” QSC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən artıq ilkin kredit razılaşmaları əldə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, iyunun 12-də Azərbaycan hökuməti Asiya İnfrastruktur İnvestisiya Bankı ilə 180 milyon dollarlıq ilk kredit sazişini imzalayıb. “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ”si üzrə alınacaq kredit hesabına “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.

AİİB-nin saytında yerləşdirilən məlumatdan aydın olur ki, layihənin ümumi dəyəri 212,4 milyon dollardır. Bunun 32,4 milyon dolları dövlət büdcəsi hesabına maliyyələşdiriləcək. Tikiləcək depolar tam fəaliyyətə başladıqdan sonra metronun “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması mümkün olacaq. Layihənin icra müddətinin 7 il olacağı göstərilir.

İmzalanma mərasimində maliyyə naziri Sahil Babayev vurğulayıb ki, bu layihə son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm maliyyə təşəbbüslərindən biridir. Eyni zamanda, bu, Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kredit hesab olunur.

Kredit 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il ərzində geri qaytarılacaq.

Bundan əlavə, AİİB-yə “Bakı Metropoliteni”nin genişləndirilməsi layihəsi çərçivəsində əlavə 700 milyon dollarlıq kreditin ayrılması üçün müraciət edilib. Bu vəsait hesabına layihənin II mərhələsi çərçivəsində Yaşıl xəttin genişləndirilməsi nəzərdə tutulur. İkinci mərhələdə Yaşıl xətt üzrə 8 kilometrlik iki borulu, iki istiqamətli tunellərin tikintisi və dörd yeni stansiyanın tamamlanması planlaşdırılır.

Hələlik layihənin icra müddətinin nə vaxt başlayıb və nə vaxt yekunlaşacağı ilə bağlı yekun qərar qəbul edilməyib.

Yeni 5 stansiyanın tikintisi ən azı 1 milyard dollara başa gələcək 

AİİB ilə yanaşı, digər əsas maliyyə mənbəyi olan Asiya İnkişaf Bankının da “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi”nin III mərhələsində iştirakı gözlənilir. Bankın maliyyə dəstəyi ilə Bənövşəyi xəttin genişləndirilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankının “Ağıllı və Dayanıqlı Şəhər Nəqliyyatının Gələcəyi Naminə Bakı Metropoliteninin Dekarbonizasiyası” adlı layihə sənədində qeyd olunur ki, ictimai nəqliyyatın inkişafına yönəlmiş 2,5 milyard dollarlıq investisiya proqramının tərkib hissəsi olaraq 1 milyard dollarlıq suveren (dövlət zəmanətli) kredit ayrılacaq.

Ötən ilin noyabrında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bank arasında imzalanmış razılaşmalara əsasən, sözügedən xarici bank texniki dəstək məqsədilə təxminən 700 milyon dollar kredit ayırmağı nəzərdə tutur. Keçirilən ilk tenderin nəticələrinə əsasən, bu ilin aprel ayında layihənin icrası Çinin “Creative (Shanghai) Consulting Co., Ltd.” və “Beijing Urban Construction Design & Development Group Co., Ltd.” şirkətlərinə həvalə edilib. Şirkətlərlə bağlanmış müqavilələrin ümumi dəyəri hələ ki 353 milyon dollar təşkil edir.

Ümumilikdə, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihələr çərçivəsində 8,3 kilometr uzunluğunda tunelin və beş yeni metro stansiyasının tikintisinin həyata keçiriləcəyi qeyd edilir.

Bundan əlavə, xarici bank tərəfindən təxminən 1 milyard dollar dəyərində olan və altı dəmir yolu infrastruktur layihəsini əhatə edən Abşeron Dairəvi Xətti Layihəsinin hazırlanmasında da “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstək verməsi nəzərdə tutulur.

Beləliklə, nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı Dövlət Proqramında 2030-cu ilədək 10 yeni metro stansiyasının tikilməsini hədəf kimi müəyyənləşdirilsə də, beynəlxalq maliyyə institutları ilə aparılan danışıqlardan görünür ki, 2040-cı ilədək yalnız əlavə 9 stansiyanın tikintisi aparıla bilər.

Ana səhifəİqtisadiyyatBakı metrosunun genişləndirilməsi üçün 2,5 milyard dollar xərclənəcək