Azərbaycan iqtisadiyyatı hərbiləşməsinə görə dünyada 6-cı yerdədir

Azərbaycan iqtisadiyyatı hərbiləşməsinə görə dünyada 6-cı yerdədir – Foto: Chatgpt

Azərbaycan dünyanın ən hərbiləşdirilmiş iqtisadiyyatları arasında 6-cı sırada qərarlaşıb. Bu barədə Visual Capitalist portalı SIPRI-nin hərbi xərclər üzrə məlumat bazasına istinadən hazırladığı araşdırmada məlumat verilib.

Məqalədə qeyd olunur ki, metodologiya hərbi xərclərin ümumi məbləğinə deyil, 2025-ci ildə onların ÜDM-dəki faiz nisbətinə əsaslanır.

Siyahıya Ukrayna liderlik edir. Bu ölkənin hərbi xərcləri 2025-ci ildə ÜDM-in 39,6 faizinə çatıb. Müəllif bunu Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizə nəticəsində yaranmış fövqəladə maliyyə yükü ilə izah edir. 84 milyard ABŞ dolları həcmində olan Ukraynanın müdafiə xərcləri mütləq göstərici baxımından Rusiyanın xərclərindən az olsa da, ölkə iqtisadiyyatının ölçüsünə nisbətdə xeyli yüksəkdir.

“Bu, həm də Ukraynanın Qərbin hərbi və maliyyə dəstəyindən asılılığını vurğulayır. Xarici yardım olmadan bu səviyyədə xərclərin ölkənin daxili iqtisadiyyatı üçün davam etdirilməsi çətin olardı”,- məqalədə qeyd olunur.

Araşdırmaya əsasən, Azərbaycanın hərbi xərcləri ötən il 4,9 milyard dollar təşkil edib və ÜDM-dəki payı 6,5 faiz olub.

Ermənistan isə 1,7 milyard dollar həcmində hərbi xərclə ÜDM-də 6,1 faiz göstəriciyə sahib olub.

Nəticədə iqtisadiyyatın hərbiləşmə səviyyəsinə görə Azərbaycan 6-cı, Ermənistan isə 7-ci yerdə qərarlaşıb.

Yaxın Şərq və Şimali Afrikada yerləşən bir neçə yüksək militarizasiya olunmuş iqtisadiyyat da yüksək hərbi xərcləri ilə seçilir. Belə ki, Əlcəzair 25 milyard dollar hərbi xərclə ÜDM-in 8,8 faizini təşkil edərək ikinci yerdə qərarlaşıb. İsrail isə 48 milyard dollarlıq hərbi büdcə ilə ÜDM-in 7,8 faizini müdafiəyə yönəldərək siyahıda üçüncü yeri tutub.

Məqalədə qeyd olunur ki, regional təhlükəsizlik riskləri əsas amillərdən biridir:

“İsrailin ÜDM-in 7,8 faizi səviyyəsində olan xərcləri davam edən münaqişələr və uzunmüddətli müdafiə ehtiyaclarını əks etdirir. Əlcəzairin 8,8 faizlik göstəricisi isə Şimali Afrikada hərbi gücün əhəmiyyətini vurğulayır”.

Eyni zamanda neftlə zəngin Səudiyyə Ərəbistanı, Oman, Küveyt, İordaniya və Bəhreyn kimi dövlətlər də hərbi xərclərin ÜDM-də payıni artırmağa başlayıb.

Neft gəlirləri bu ölkələrin bəzilərinə böyük müdafiə büdcələrini maliyyələşdirməyə imkan verir. Səudiyyə Ərəbistanı 2025-ci ildə 83 milyard dollar hərbi xərclə ÜDM-in 6,5 faizini müdafiəyə yönəldib. Küveyt və Oman da ən yüksək göstəriciyə malik 10 ölkə arasında yer alıb.

Məqalədə o da vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada müdafiə prioritetlərini yenidən formalaşdırıb. Polşa 2025-ci ildə ÜDM-in 4,5 faizini hərbi xərclərə ayıraraq NATO ölkələri arasında ən yüksək göstəricilərdən birinə sahib olub.

Baltikyanı ölkələr də siyahıda yüksək yerlərdə qərarlaşıb. Latviya ÜDM-in 3,6 faizini, Estoniya isə 3,4 faizini müdafiəyə yönəldib ki, bu da onların Rusiyaya coğrafi yaxınlığı və artan təhlükəsizlik narahatlıqlarını əks etdirir.

Skandinaviya ölkələri də eyni istiqamətdə hərəkət edir. Norveç və Danimarka hər biri ÜDM-in 3,3 faizini müdafiəyə xərcləyib ki, bu da 2022-ci ildən sonra Avropanın müdafiə siyasətində baş verən dəyişiklikləri göstərir.

Foto: Reddit
Ana səhifəXəbərlərAzərbaycan iqtisadiyyatı hərbiləşməsinə görə dünyada 6-cı yerdədir