Hazırda həbsdə olan siyasi məhbuslar Azərbaycanda siyasi məhbuslar gününün təsis edilməsi ilə bağlı bəyanat yayıblar.
Bəyanatda deyilir: “Mayın 28-də Azərbaycanda Respublika – müstəqillik Günü qeyd olundu. Lakin, təəssüf ki, 108 yaşlı bir ölkədə insan hüquq və azadlıqları ilə bağlı heç bir konkret islahat aparılmayıb, xüsusən də Əliyevlərin son 30 illik hakimiyyəti dövründə vətəndaş hüquq və azadlıqları 70 illik Sovet istibdadı dövründən də bərbad hala düşüb. Mövcud avtoritar hakimiyyət bütün siyasi, iqtisadi, mədəni azadlıqları total şəkildə məhdudlaşdırıb, siyasi rəqabəti boğub, media və vətəndaş cəmiyyəti institutlarını tamamilə sıradan çıxarıb. Ölkənin aktiv siyasi kəsimi, müxalif liderlər, vətəndaş cəmiyyəti və media təmsilçiləri repressiyaya məruz qalaraq həbs olunublar. Ümumilikdə siyasi həbs və təzyiqlər 30 illik avtoritarizm dövründə ənənəvi cəzaya çevrilib. Hazırda Azərbaycanda 300-dən artıq siyasi məhbus var ki, onların da 9-u qadın jurnalistlərdir.
Bütün bunları və ölkədə siyasi məhbus probleminin 30 ildir ki, aktual olduğunu nəzərə alıb Azərbaycanda Siyasi Məhbuslar Gününü təsis edərək, hər il qeyd olunmasını vacib sayırıq. Ona görə də Azərbaycanın ilk qadın siyasi məhbusu, Əliyevlər hakimiyyəti dövründə həbs olunaraq işgəncəyə məruz qalan və ölüm aclığı keçirərkən həbsxanada həyatını itirən, Azərbaycan vətəndaşı, siyasi fəal Faina Kunqurovanın anım günü 18 noyabrı Azərbaycanda Siyasi Məhbuslar Günü kimi simvolizə edirik”.
Azərbaycan vətəndaşı Faina Kunqurova 1974-cü il oktyabrın 18-də anadan olub, 2007-ci il noyabrın 18-də həbsxanada ölüm aclığı keçirərək həyatını itirib.
Sonda siyasi məhbuslar Azərbaycan xalqına və dünya ictimaiyyətinə müraciət edərək bu məsələyə həssas yanaşmağa, 2026-cı ilin 18 noyabrından etibarən hər il siyasi məhbuslar gününü qeyd etməyə, demokratiya uğrunda həyatını itirən Faina Kunqurovanın xatirəsini məzarı başında anmağa çağırıblar.
Bəyanatı hazırda həbsdə olan və siyasi məhbus kimi tanınan – Şəmşad Ağa, Aynur Elgünəş, Akif Qurbanov, Natiq Cavadlı, Ruslan İzzətli, Rüfət Səfərov, Sevinc Vaqifqızı, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümüdova, Ülviyyə Əli, Fatimə Mövlamlı, Ramin Deko, Nurlan Qəhrəmanlı, Əhməd Muxtar, Nərgiz Absalamova, Ülvi Həsənli, Elnarə Qasımova, Müşfiq Cabbar, Afiyəddin Məmmədov, Fərid İsmayılov, Ramil Babayev, İlkin Əmrahov, Məmməd Məmmədzadə, Bəhruz Səmədov, Hafiz Babalı, İmran Əliyev və Əli Zeynal imzalayıblar.