ECPMF jurnalist Aytac Tapdıq barədə bəyanat verib

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Mətbuat və Media Azadlığı Avropa Mərkəzi (ECPMF) “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Tapdıq (Əhmədova) barədə bəyanat yayıb.

ECPMF (Mətbuat və Media Azadlığı Avropa Mərkəzi) Azərbaycan hakimiyyətini Meydan TV-nin jurnalisti Aytac Tapdığı dərhal azad etməyə, onun anasına qoyulmuş səfər qadağasını ləğv etməyə və ailəsinə qarşı bütün təqiblərə son qoymağa çağırır.

“Aytac ölkədə müstəqil jurnalistikaya qarşı həyata keçirilən repressiyaların tərkib hissəsi olaraq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı yönəlmiş təzyiqlər indi ailəsinə də təsir edib. Anası Dilrubə Amanovanın Berlindəki digər qızını ziyarət etmək üçün Azərbaycandan çıxmasının qarşısı iki dəfə alınıb. Səfər qadağasının ləğv edildiyi barədə məlumat aldıqdan sonra o, yeni bilet alsa da, mayın 12-də Bakı hava limanında yenidən saxlanılıb”, – deyə mərkəz bəyanatında qeyd edib.

ECPMF həmçinin jurnalistin cəzaçəkmə müəssisəsində fiziki zorakılığa məruz qaldığını, hədə-qorxularla üzləşdiyini qeyd edib. Mərkəz bu iddiaların dərhal və müstəqil şəkildə araşdırılmasını tələb edib.

Media Azadlığı Mərkəzi Azərbaycan hakimiyyətini Aytac Tapdığı və fəaliyyətlərinə görə həbs edilmiş bütün jurnalistləri azad etməyə çağırıb.

Aprelin 30-da Aytac Tapdığın anası Dilrubə Amanovanın ölkədən çıxışına qadağa qoyulub. O, Berlində yaşayan digər qızını görmək üçün səyahət etmək istəyərkən hava limanında ölkədən çıxış qadağası olduğunu öyrənib. Bundan sonra rəsmi qurumlara müraciət edən Amanovaya qadağanın götürüldüyü deyilib.

O, mayın 12-də yenidən Berlinə getmək üçün bilet alıb. Bu dəfə də hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilib. 

Amanova qadağanın hansı səbəbdən qoyulduğunu bilmədiyini, heç bir banka və ya dövlət qurumuna borcunun olmadığını, qadağanın qanunsuz olduğunu qeyd edir.

Ana səhifəSiyasətECPMF jurnalist Aytac Tapdıq barədə bəyanat verib