Dənizçilər şikayətçidir: “Ya aylarla gözləməlisən, ya da 1600 manat verməlisən”

Foto: Bəhruz Sadıqzadənin şəxsi arxivindən

Dəniz Balıq Sənayesi Kollecinin 100-dən çox məzunu gəmi kapitanı və baş mühəndis vəzifəsi ala bilməməkdən şikayətçidir.

Meydan TV-yə müraciət edən dənizçilər bildirirlər ki, Dəniz və Liman Agentliyi 2021-ci ildən yeni qayda tətbiq edib və buna əsasən onların karyera yüksəlişi məhdudlaşdırılıb.

Onların sözlərinə görə, Agentlik kollecin tədris proqramındakı dərs saatlarını Beynəlxalq Dəniz Təşkilatının standartlarına uyğun olmamasını əsas gətirib.

Saat mübahisəsi: Agentlik haqlıdır, yoxsa dənizçilər?

Dənizçilər isə kollec proqramındakı ümumi ixtisas dərslərinin saatlarının beynəlxalq limitlərdən daha çox olduğunu bildirirlər.

“Kollec məzunlarının diplom əlavələrində ixtisas fənləri və dərs saatları açıq şəkildə qeyd olunub. Beynəlxalq konvensiyanın idarəetmə səviyyəsində, limitsiz bütün vəzifələrdə işləmək üçün göyərtə heyətindən tələb etdiyi nümunəvi proqram cəmi 834 saat olduğu halda, bizim kollecin tədris proqramındakı müvafiq dərslərin həcmi 1065 saatdır. Göründüyü kimi, Agentliyin “saatların əskik olması” iddiası tamamilə əsassızdır. Üstəlik, beynəlxalq məcəllədə qeyd olunan bu limitlər akademiyalara və ya kolleclərə deyil, yalnız qısamüddətli kurs mərkəzlərinə şamil edilir”, – dənizçilər qeyd edirlər.

Onlar deyirlər ki, 2021-ci ilə qədər həm Dəniz Akademiyasını, həm də Dəniz Balıq Sənayesi Kollecini bitirən məzunlar eyni hüquqa malik idilər. Onlar gəmidə işləyib təcrübə topladıqdan sonra imtahan verib pillə-pillə yüksəlir, yekunda gəmi kapitanı və ya baş mühəndis ola bilirdilər. Lakin Dəniz və Liman Agentliyi sonradan qaydaları dəyişərək kollec məzunlarının bu yüksək rütbələri almasını qadağan edib. Onlar həmçinin vurğulayırlar ki, Agentlik bu problemi aradan qaldırmaq üçün əlavə tədris kursları təşkil edəcəyinə söz versə də, üzərindən bir neçə il keçməsinə baxmayaraq, vədinə əməl etməyib.

“Səhv proqramın cəzasını dənizçi çəkir”

“Tələbə dövlətin lisenziya verdiyi təhsil müəssisəsinə daxil olur, dövlətin təsdiqlədiyi proqramla oxuyur və dövlət adından diplom alır. Əgər illər sonra başqa bir dövlət qurumu – Dəniz və Liman Agentliyi “bu proqramda dərs saatı əskikdir” deyirsə, bunun məsuliyyəti dənizçinin yox, təhsil proqramını vaxtında düzgün tənzimləməyən qurumların üzərinə düşür. Cəzanın dənizçiyə kəsilməsi absurd bir vəziyyətdir. Bizə qarşı süni maneələr yaradılır və hüquqlarımız əsassız şəkildə məhdudlaşdırılır”, – kapitanın baş köməkçisi Bəhruz Sadıqzadə Meydan TV-yə deyir.

Foto: Bəhruz Sadıqzadənin şəxsi arxivindən

Dünya təcrübəsinə zidd qaydalar

Şikayətçilər həmçinin sənədlərin yenilənməsi prosesində onlara qarşı əlavə tələblərin qoyulduğunu, bunun həm ciddi maliyyə yükü yaratdığını, həm də işə çıxmaq imkanlarını aylarla məhdudlaşdırdığını vurğulayırlar:

“Bizdə bütün sənədlər və sertifikatlar beş ildən bir yenilənir. Məsələn, mən hazırkı vəzifəm – kapitanın baş köməkçisi üzrə sənədimin vaxtı bitibsə buna görə təkrar imtahan verməli deyiləm, aidiyyəti üzrə müraciət edib, on gün ərzində müddəti növbəti beş il üçün uzatmalıyam. Bu, dünya təcrübəsində də belədir. Amma Agentlik eyni vəzifə üzrə bizi məcburi şəkildə imtahana salır”, – Bəhruz Sadıqzadə deyir.

İmtahan növbəsi, yoxsa 1600 manatlıq kurs?

O, bildirir ki, əvvəllər ayda dörd dəfə imtahana girmək mümkün idisə, hazırda Agentlik sayı ayda bir dəfəyə endirib:

“İki min sualdan ibarət olan bu imtahanlardan dənizçilər çox vaxt yalnız 3-cü, 4-cü cəhddən keçə bilirlər. Elələri də var ki, bəzən 6-cı cəhddə imtahandan keçir. Bu da 6 ay deməkdir, bu müddət ərzində də biz işsiz qala bilmərik. Maddi dolanışıq indi onsuz da çox çətindir. Bir dənizçinin altı ay evdə oturması, işləməməsi bilirsiniz nə deməkdir? Biz altı ay xaricdə işləyib, gəlib, evimizdə uzaqbaşı, iki ay otururuq. İndi sənədin vaxtı keçdiyi üçün bizi işə çağıranda gedə bilmirik. Agentliyin məqsədi pul qazanmaqdır. Bu, süni şəkildə yaradılmış bir imtahan biznesidir, başqa adı yoxdur. Ya aylarla imtahan növbəsi gözləməlisən, ya da Agentliyin təşkil etdiyi “təkmilləşdirmə kursları”na 1600 manat verib, 20 gündən sonra yenilənmiş sənədləri almalısan”.

Ekspert: “Saat fərqi aradan qaldırılmalıdır”

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, gəmi kapitanı Faiq Balabəyli də dənizçilərin rütbə ala bilməməsi problemini təsdiqləyir. O, Meydan TV-yə deyir ki, kollec məzunlarının bilik və təcrübəsi böyük gəmiləri idarə etməyə tam kifayət etsə də, Agentlik vəd etdiyi tamamlayıcı kursları açmamaqla prosesi uzadır:

“Kollec məzunları illərdir dənizdə can qoyub, təcrübə qazanıblar. Beynəlxalq qanunlar dənizçinin karyerasını bloklamağı yox, onun təcrübəsinə uyğun olaraq irəli çəkilməsini tələb edir. Bunun üçün də təkmilləşdirmə kurslarını açıb saat fərqini aradan qaldırmaq lazımdır”.

Meydan TV dənizçilərin iddiaları ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinə sorğu göndərərək cavab almağa çalışıb.  Qanunvericiliyə uyğun olaraq cavab üçün nəzərdə tutulan müddət gözlənilsə də, məqalə dərc olunan vaxta qədər sorğularımıza cavab verilməyib. Qurumların mövqeyini əldə etsək, onu ayrıca təqdim edəcəyik.

Ana səhifəSosialDənizçilər şikayətçidir: “Ya aylarla gözləməlisən, ya da 1600 manat verməlisən”