Gürcüstanda azərbaycanlı fermerlər etiraz aksiyası keçiriblər

Foto: Meydan TV

Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndindən olan heyvandarlar iki gündür Rustavi şosesi yaxınlığında etiraz aksiyası keçirirlər. Fermerlər bildirirlər ki, mal-qaranın yaylaqlara aparılması üçün illərdir istifadə olunan ənənəvi keçid yolu özəlləşdirildiyindən onlar ya şəxsi torpaq sahələrindən ödənişlə keçməyə, ya da təhlükəli avtomagistraldan istifadə etməyə məcbur qalırlar.

Etirazçılar bildirirlər ki, mövsümi köç zamanı sürülərin təhlükəsiz hərəkəti üçün uyğun marşrutun olmaması ciddi çətinliklər yaradır. Onların sözlərinə görə, əvvəllər mal-qaranın keçdiyi ərazilər son illər sahibkarlar tərəfindən alınıb və özəlləşdirilib. Buna görə də çobanlar şəxsi torpaq sahələrindən keçməli olur, bəzi torpaq sahibləri isə bunun müqabilində fermerlərdən pul tələb edirlər.

Fermerlər qeyd edirlər ki, hər il qışlaqdan yaylağa köç zamanı eyni problemlə üzləşirlər. Xüsusilə Yormuğanlıdan olan heyvandarlar mövsüm zamanı sürülərini Dmanisi və Tsalka kimi dağlıq bölgələrdəki yaylaqlara aparırlar. Bu köç bəzən bir aya qədər davam edir.

Aksiya iştirakçılarının sözlərinə görə, hazırda onların qarşısında iki seçim var: ya qoyun sürülərini Tbilisi–Qırmızı Körpü avtomagistralı ilə aparmaq, ya da şəxsi torpaqlardan keçmək üçün ödəniş etmək. Fermerlər hesab edirlər ki, hər iki variant həm heyvanlar, həm də yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır.

Etirazçılar Gürcüstanın aidiyyəti dövlət qurumlarından məsələyə müdaxilə etməyi və mal-qara sürülərinin təhlükəsiz hərəkəti üçün xüsusi keçid yollarının ayrılmasını tələb edirlər. Onlar bildirirlər ki, problem bölgədə heyvandarlıqla məşğul olan çox sayda ailənin dolanışığına birbaşa təsir edir.

Hadisə yerinə çox sayda patrul polisi cəlb olunub. Etirazçılar tələblərinin yerinə yetirilməsi üçün aidiyyəti qurumlardan cavab gözlədiklərini bildirirlər.

Ana səhifəXəbərlərGürcüstanda azərbaycanlı fermerlər etiraz aksiyası keçiriblər