Üç ayda muzdla çalışan işçilərin sayı 10,4 min nəfərdən çox azalıb

İllüstrasiya: Andrii Yalanskyi\shutterstock

Dövlət Statistika Komitəsi xəbər verir ki, 2026-cı ilin 1 aprel vəziyyətinə görə ölkədə 1 milyon 797 min muzdla işləyən işçi var. Ölkədə ötən ilin sonlarından başlayaraq işçilər arasında kütləvi ixtisarların aparıldığı məlumdur. Eyni zamanda özəl sektorda vergi güzəştlərinin ləğvinin “qara mühasibatlığ”ı artıracağına dair proqnozlar da səslənirdi. Artıq mövcud vəziyyət özünü statistik göstəricilərdə əks etdirməyə başlayıb. Müqayisə üçün yanvarın 1-nə olan statistikaya görə muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub. Beləliklə, 3 ay ərzində işçi sayı 10,4 min nəfər azalıb.

Burada diqqət çəkən məqamlardan biri ötən ilin ikinci yarısından başlayaraq daha çox “Azəriqaz” İB, SOCAR müəssisələrində, icra hakimiyyətlərində və digər qurumlarda ixtisarların müşahidə olunduğu halda, rəsmi rəqəmlərdə bu azalma daha çox qeyri-dövlət sektorunda özünü göstərir. Bunun səbəblərdən biri də təsərrüfat hesablı dövlət şirkətlərində çalışanların, xüsusilə SOCAR işçilərinin statistikada qeyri-dövlət sektoruna daxil edilməsidir.

DSK bildirir ki, yanvar-mart aylarında dövlət sektorunda 869,5 min nəfər, qeyri-dövlət sektorunda isə 928,1 min nəfər çalışıb. Müqayisə üçün cari ilin 1 yanvar vəziyyətinə görə əmək müqaviləsi ilə işləyən işçilərin 865,8 min nəfəri dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Bu rəsmi göstəricilər üzrə təhlil apardıqda, özəl sektor kimi təqdim edilən qeyri-dövlət sektorunda birinci rübdə 14,1 min nəfər azalma olduğunu görə bilərik. Dövlət sektorunda isə muzdlu işçilərin sayında 3,7 min nəfər artım var.

Hələ ki, dövlət sektorundakı 0,4 faizlik artım özəl sektorda muzdla çalışanların sayında 1,5 faizlik azalmanı kompensasiya edə bilməyib.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 767 min nəfər çalışır. Əgər yanvar-mart ayları üzrə müqayisəli təhlil aparsaq, ən yüksək ixtisarın qeyri-neft sektorunda baş verdiyini görmək olar -10,5 min nəfər.

Digər tərəfdən, Statistika Komitəsi qeyd edir ki, mayın 1-nə Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınmış işsiz şəxslərin sayı 246 min nəfər olub. Bir işsizə düşən orta aylıq müavinət 474,7 manat təşkil edib.

İlin əvvəlindən işsizlik statusu alanların sayı 3 faiz və ya 6,2 min nəfər artıb. Əgər rəsmi prosedurların müddətini nəzərə alsaq, o zaman növbəti aylarda işsizlik müavinəti alanların sayında artım olacağı gözlənilir.

Aşağıdakı cədvəldə işçilərin sayının ən çox azaldığı və artdığı iqtisadi sahələr təqdim olunur:

Cədvəldən görünür ki, yanvar-mart aylarında ən çox ixtisarlar dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində olub. Bu sektorda çalışanların sayında 2,6 min nəfər azalma var. Bundan əlavə, inzibati və yardımçı xidmətlər, eləcə də kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində də muzdla çalışan işçilərin sayında kəskin azalma müşahidə olunur.

Birinci rübdə mənzil tikintisinə qoyulan investisiyaların həcminin kəskin şəkildə azalması bu sektorda əmək müqavilələrinin sayına da təsir göstərdiyini deyə bilərik. Rəqəmlərdən belə görünür ki, ilin əvvəlindən bu sahədə rəsmi işləyənlərin sayı 1,6 min nəfər azalıb.

İqtisadçılar özəl sektorda 3 ay ərzində rəsmi şəkildə işləyənlərin sayında kəskin azalmanın səbəbini gəlir vergisi ilə bağlı tətbiq edilən güzəştlərin ləğvi ilə əlaqələndirirlər. Çünki ötən ilin sonlarından dövlət qurumlarında başlanan ixtisarları məhz dövlət idarəetməsi və müdafiə sahəsində də müşahidə etmək mümkündür. Belə ki, iqtisadi sahələr üzrə muzdla işləyənlərin sayının dövlət sektoru üzrə bölgüsünə baxdıqda azalma əsasən dövlət idarəetməsi sahəsində görünür. “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahəsi üzrə statistikada özəl sektor üzrə ciddi dəyişiklik olmadığı halda, dövlət sektorunda çalışanların sayı 108 mindən 105,4 min nəfərə düşüb.

Buna paralel olaraq, işçi sayında azalma qeyri-dövlət sektorunda da müşahidə olunur. İqtisadçılara görə, bu, həmin sektorda çalışanların yüksək vergi ödənişlərindən yayınmaq üçün əmək müqaviləsi formasını dəyişməsinə və ya ümumiyyətlə, müqaviləsiz işləməyə üstünlük verməsi ilə bağlı ola bilər.

Bunlarla yanaşı, təhsil və səhiyyə sektorunda işçilərin sayında artım müşahidə edilir.

Ana səhifəİqtisadiyyatÜç ayda muzdla çalışan işçilərin sayı 10,4 min nəfərdən çox azalıb