Bütün Gürcüstanın Katolikos-Patriarxı III Şionun demoqrafik problemlər və ailə institutunun qorunması ilə bağlı bəyanatı Gürcüstanda yaşayan etnik azlıqlar tərəfindən birmənalı qarşılanmayıb.
III Şio mayın 17-də “Ailə Müqəddəsliyi Günü” münasibətilə toplaşan əhaliyə müraciət edərək bildirib ki, ölkədə demoqrafik vəziyyət yaxşılaşmasa, “başqa xalqlar” çoxalacaq və gürcülərin sayını ötüb keçəcək.
“Əgər demoqrafik vəziyyətimizi düzəltməsək, ailənin möhkəmləndirilməsinə, xilas edilməsinə və qorunmasına diqqət yetirməsək, uşaqları sevən, uşaqlarını tərk etməyən, dinini qoruyan və buna görə də yaxşı çoxalan digər xalqların da cənnət kimi gözəl və möhtəşəm ölkəmizdə məskunlaşması təhlükəsi ilə üzləşəcəyik. Əlbəttə ki, Allah bizi qoruya bilər, amma belə davam etsək, bu təhlükə realdır ki, onlar gürcülərdən çox olacaqlar”, – deyə o bildirib.
Patriarxın bu çıxışı etnik azərbaycanlılar arasında narazılıqla qarşılanıb.
Bəyanata münasibət bildirən hüquq müdafiəçisi Samirə Bayramova ölkədə sosial, iqtisadi və səhiyyə problemlərinin daha ciddi məsələ olduğunu qeyd edib.
“Bizim ölkəmizdə insanların bir-birini etnik mənsubiyyətinə görə ayırması çox ağrılıdır. Gürcüstanda istər azərbaycanlı olsun, istər erməni, istər kist və ya digər etnik qrupun nümayəndəsi – hamı bir ölkənin övladıdır, hamı Gürcüstan vətəndaşıdır. Sən demə, ‘kimlərsə çoxalır, gürcülər yox’ demək yalnız səhv deyil, həm də ayıbdır. Reallıq odur ki, demək olar, bütün azlıqların ailələrində iki uşaq olur, maksimum üç uşaq. Bu da çox vaxt yalnız ailədə oğlan uşağı olmadığı halda baş verir. Bu, ümumi sosial və iqtisadi vəziyyətin nəticəsidir və hər hansı bir etnosun ‘təqsiri’ deyil”, – Samirə Bayramova paylaşımında bildirib.
Siyasətçi və ictimai fəal Ceyhun Məhəmmədəli də III Şionun bəyanatına reaksiya verib. O qeyd edib ki, demoqrafiyaya qayğı vətəndaşları bölən bəyanatlarla deyil, siyasi baxımdan düzgün və insanları gücləndirməyə yönəlmiş qərarlarla mümkündür.
“Patriarxın bugünkü çıxışından sonra mən daha bir dəfə özümü bu ölkədə ikinci dərəcəli vətəndaş kimi hiss etdim. Düşündüm ki, sən demə, bu ölkədə təhlükə hesab olunuram və ‘başqa xalqlar’ sırasında görülürəm. Belə çıxır ki, ölkə yalnız gürcülərindir. Demoqrafik problemlərə qayğı belə bəyanatlarla olmur. Bu, sevgi ilə, birliklə, həm öz dininə, həm də başqasının dininə hörmətlə və ölkənin iqtisadi problemlərinin həlli ilə mümkündür. Belə bəyanatlar ölkənin etnik mənsubiyyəti və inancı ilə fərqlənən vətəndaşlarına qarşı çox böyük risklər yaradır”, – Ceyhun Məhəmmədəli bildirib.
“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının rəhbəri Aqil Mustafayev də Patriarxın bəyanatına münasibət bildirib. Onun sözlərinə görə, Gürcüstan Patriarxının səsləndirdiyi fikirlər cəmiyyətdə soyuqluq, inciklik və etibarsızlıq yarada bilər.
“Mən hər hansı bir millətin və ya dini icmanın inkişafını təhlükə kimi təqdim edən fikirlərdən çox narahatam. Çünki biz bu ölkədə heç vaxt özümüzü əcnəbi hesab etməmişik. Tarix boyu Gürcüstanın gücü müxtəlif millətlər və dinlər arasında qarşılıqlı hörmət və qardaşlıq şəraitində olub. Azərbaycanlılar, gürcülər, ermənilər, müsəlmanlar, xristianlar – hamımız bu ölkənin vətəndaşlarıyıq və hamımız onun sabitliyi, inkişafı və təhlükəsizliyi üçün çalışırıq”, – Aqil Mustafayev yazıb.
2016-cı ildə Marneuli üzrə müxalifətdən mer namizədi olmuş Əhməd İmamquliyev isə III Şionun bəyanatını fərqli qiymətləndirib. O bildirib ki, Patriarxın çıxışında etnik azərbaycanlılara qarşı mənfi fikir eşitməyib.
“Gürcüstanın yeni Patriarxı III Şionun dünən səsləndirdiyi cümlələri diqqətlə dinlədim və orada bizə qarşı heç bir neqativ fikir eşitmədim. O, dini rəhbər olaraq boynuna düşəni, milləti qarşısında daşıdığı məsuliyyətdən irəli gələrək öz millətinin artımını dilə gətirdi. Gürcüstanın mövcud problemini səsləndirdi.
Buradan o çox savadlılara səslənirəm: yersiz müxalifətçi, düşüncəsiz ictimai fəal kimi boş yerdən provokasiya yaratmayın. Ocaq olmayan yerdən tüstü çıxartmağa çalışmayın. Gündəmdə olmaq istəyirsinizsə, öz fəaliyyətinizlə, öz əməllərinizlə gündəm olun.
Əziz və dəyərli xalqım, bizim Gürcüstanda həddindən artıq çox problemimiz var. İlk növbədə bu günkü qeyri-legitim hakimiyyət, daha sonra isə onillərdir davam edən və bitməyən problemlərimiz var: təhsil, idman, mədəniyyət, yaşadığımız şəhər və kəndlərdəki infrastruktur problemləri, toponim adların dəyişdirilməsi və son hadisələri nəzərə alaraq Darvaz dərəsi nümunəsində millətimizin məcburi köçə sürüklənməsi”, – İmamquliyev bildirib.
Sosial Ədalət Mərkəzinin rəhbəri Tamta Mikeladze isə məsələyə demoqrafik göstəricilər və miqrasiya kontekstindən yanaşıb. O bildirib ki, abortların azalması ilə doğum göstəricilərinin artması arasında birbaşa əlaqə yoxdur. Mikeladzenin sözlərinə görə, əsas diqqətçəkən məqam ölkədə reproduktiv aktivliyin ümumilikdə azalmasıdır.
“Bu, reproduktiv yaşda olan əhalinin ölkədən getməsi, iqtisadi çətinliklər və mənim fikrimcə, siyasi depressiya ilə əlaqəli ola bilər”, – Mikeladze qeyd edib.
Qeyd edək ki, 17 may Beynəlxalq Homofobiya və Transfobiyaya Qarşı Mübarizə Günüdür. Gürcüstan Pravoslav Kilsəsi isə 2013-cü ildən etibarən həmin tarixi “Ailə Müqəddəsliyi Günü” kimi qeyd edir.
Patriarxın bəyanatını qadın hüquq müdafiəçiləri də problemli hesab edirlər. Onların sözlərinə görə, bu çıxış abortların qadağan edilməsinə yönəlmiş çağırış kimi qiymətləndirilə bilər. Hüquq müdafiəçiləri bildirirlər ki, belə bir qadağa qadınların hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər.