Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin həbsdə olan üzvü Ağaəli Yəhyayevin bacısı Elnarə Eldar sosial şəbəkədə qardaşının saxlanma şəraiti və səhhəti ilə bağlı məlumat paylaşıb.
Elnarə Eldar bildirib hazırda 8 saylı ciddi-qapalı rejimli cəzaçəkmə müəssisəsində saxlanılan qardaşı göz görə-görə ölümə tərk edilib.
Paylaşımda qeyd olunur ki, qaraciyərində piylənmə gedən Ağaəli Yəhyayev və digər məhkumlar müəssisədə minimal tibbi yardımdan, MRT (Magnit Rezonans Tomoqrafiyası) və USM (Ultrasəs Müayinəsi) kimi adi müayinələrdən tamamilə məhrumdurlar.
Elnarə Eldarın sözlərinə görə, həbsxana rəhbərliyi mümkün ölüm hallarında məsuliyyətdən qaçmaq üçün xəstəlik kitabçalarını qeydə almır və tibbi prosesləri formal idarə edir.
Cəzaçəkmə müəssisəsində həm infeksiya, həm də fiziki təhlükəsizlik riskləri mövcuddur. Elnarə Eldar qardaşının analizi gizlədilən QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) xəstəsi ilə eyni kamerada saxlanıldığını yazır. O, həmçinin kameradakı digər bir insidenti diqqətə çatdırıb: “Əsəb xəstəsi bir məhkum bu yaxında qaynar suyu məhkumların üzərinə töküb. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb”.
Sonda ailə adından Penitensiar Xidmətin rəhbərliyinə müraciət edən Elnarə Eldar, sistemdə köklü islahatların aparılmasını tələb edərək qardaşının həyatının xilas edilməsini istəyib.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağaəli Yəhyayev 2023-cü il avqustun 31-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sentyabrın 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ağaəli Yəhyayev Cinayət Məcəlləsinin 234.1-1 maddəsi (satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, daşıma, saxlama) ilə təqsirli bilinib. O, ittihamı saxta hesab edir və siyasi mövqeyinə, həmçinin dini inancına görə şərləndiyini bildirir.
Ağaəli Yəhyayev daha öncə 2015-ci ildə baş vermiş Nardaran hadisələri zamanı da həbs olunub və bir neçə il sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
Penitensiar Xidmət Meydan TV-nin sorğularını cavabsız buraxdığı üçün məsələ ilə bağlı əlavə şərh öyrənmək mümkün olmayıb.