Meydan TV hazırda mühacir həyatı yaşayan III Respublika Platformasının qurucu heyət üzvü, Bakı Dövlət Universitetinin keçmiş müəllimi Araz Əliyevlə müsahibəni təqdim edir. Müsahibədə Araz Əliyev universitet illərindəki sistemlə ilk toqquşmasından, bir müəllim üçün siyasi tərəfsizliyin niyə mümkün olmamasından və onu mühacirətə aparan proseslərdən danışır.
– Araz bəy, ilk dəfə açıq siyasi mövqe ifadə etdiyiniz anı necə xatırlayırsınız?
– Siyasi baxışlarımın təməli hələ orta məktəb illərimdə, böyüdüyüm mühit və aldığım təhsillə formalaşmağa başlamışdı. Həmin dövrdə Azərbaycanın məktəb mühitində, xüsusilə də dərslərini oxuyan, intellektual şagirdlərin üzləşdiyi problemləri hamımız hansısa formada bilirik. Belə bir məqamda özünü müdafiə forması kimi təşkilatlanmaq, birləşmək və təşkilat qurmaq ideyası ortaya çıxmışdı. Universitetdə siyasi elmlər üzrə təhsil almağım isə bu düşüncələrimi daha da sistemləşdirdi və siyasətin əsl mahiyyətini mənə göstərdi. Həmin vaxtlar artıq müəyyən qənaətlərim və fikirlərim var idi, lakin universitet dövrü bu baxışların faydasını görmək üçün əsl meydan oldu. Tələbəliyimin ikinci ilində qatıldığım “Əsgər ölümlərinə son” aksiyası həyatımda tamamilə yeni bir mərhələnin başlanğıcı oldu. İlk dəfə idi ki, haqlı səbəbdən etiraz edən vətəndaşlara qarşı polisin zorakılığını gözlərimlə görürdüm və mən də bu zorakılığa məruz qalırdım. Həmin an mənim üçün bir dönüş nöqtəsi oldu, ilk dəfə siyasi sistemlə və polislə üz-üzə gəldim. Bu hadisə mənimlə mövcud sistem arasında qəti bir sərhəd çəkdi və sonrakı siyasi fəaliyyətim də məhz bu sərhəd üzərindən formalaşaraq davam etdi.
“Siyasi tərəfi olmayan maarifçilik qısırdır”
– Müəllimlikdən siyasi fəallığa keçid sizin üçün təbii proses idi, yoxsa məcburi seçim?

– Müəllimdə maarifçi fəaliyyət ilə ictimai-siyasi fəaliyyət eyni anda olmalıdır. Siyasi tərəfi olmayan maarifçilik qısırdır. Maarifçi tərəfi olmayan siyasi fəallıq isə sadəcə, boşboğazlıq və demoqoqiyadır. Bunu çox adamdan eşitmişəm ki, niyə müəllim kimi qalmırdın, siyasi fəaliyyətdən uzaqlaşmırdın? Siyasi fəaliyyətlə məşğul olmaqdansa, müəllim kimi daha aydın, daha bacarıqlı gənclər yetişdirmək imkanın vardı. Bəli, bu bir reallıqdır, bunu danmıram. Siyasi fəaliyyətlə məşğul olduğum üçün müəllimlik əlimdən çıxdı. Mənə görə cəmiyyətin problemlərinə, ölkədə baş verən siyasi proseslərə biganə qalaraq, auditoriya qarşısına çıxmaq və orada hansısa elmi həqiqətlərdən danışmaq uyğunsuzluqdur. Cəmiyyətdə yeni insanlar yetişdirəcəyəm deyə həm də reaksiya vermədiyin proseslər, mövqe qoymadığın, susduğun hadisələr sənin özünü də içdən-içə yeyir. Hər şey tək maarifçilik, müəllim kimi fəaliyyət göstərmək deyil, bəzən də insanlıq borcudur. Ona görə də mən istər tələbəlik vaxtından, istərsə də universitetdə dərs dediyim illərdə bunların hər ikisini paralel aparmağa çalışmışam. Nə qədər ki, bacarmışam, nə qədər ölkənin siyasi sistemi imkan verib, bu alınıb. İmkan verilməyəndə, belə bir seçim qarşısında qaldığımda ən azından özüm seçməsəm də, bəzi məsələlərdə Azərbaycandakı avtoritar sistem seçim etməyimə təkan verib.
– Sizcə, müəllimlikdən uzaqlaşdırılmağınızda məqsəd yalnız sizi cəzalandırmaq idi, yoxsa başqalarına mesaj vermək?
– Əslində, hər ikisi. Azərbaycandakı avtoritar sistem orta əsrlər mexanizmi ilə işləyir. Orta əsrlərdə hamı hökmdarın rəiyyəti olduğu kimi, indi də insanların hüquqları yoxdur, şah nə desə, onu etməlidirlər.
Rəiyyət o zaman mükafatlandırılırdı ki, hökmdara sadiq qalsın və onun istədiyi formada yaşasın. Əsl məsələ də budur. Avtoritar zehniyyət qəribə şəkildə rasional deyil, bu, orta əsr təfəkkürünün 21-ci əsrdəki təzahürüdür və biz bunu həqiqətən də yaşayırıq. Çünki Azərbaycanda müəllimdən tutmuş adi süpürgəçiyə qədər hər kəs eyni şəkildə rəiyyətdir. Bu rəiyyətdən gözlənilən tək bir şey var, hökmdara sədaqət nümayiş etdirməkdir. Əgər kimsə bu sədaqəti göstərmirsə, dərhal tutduğu vəzifəsi, işi və maaşı əlindən alınır. Qəribədir ki, Azərbaycanda sanki heç kim bir vəzifəyə öz bilik və bacarığı ilə gəldiyini düşünmür. Tutaq ki, mən Araz Əliyev müəllim olmaq üçün illərlə əzab-əziyyət çəkmişəm, təhsil almışam və buna görə də Bakı Dövlət Universitetində çalışmışam. Amma avtoritar sistem bunu özünün verdiyi bir “hədiyyə” kimi qəbul edirdi. Əgər sən hökmdara sadiq qalmayacaqsansa, siyasi mövqeyin olacaqsa, ölkədəki haqsızlıqlarla və mövcud gedişatla barışmayacaqsansa, onlar bu “imtiyazı” səndən geri alacaqlar. Müəllimin bu cür cəzalandırılması, zatən ölkədəki avtoritar hakimiyyətin xarakterindən qaynaqlanan bir reallıq idi. Digər tərəfdən də bəli, başqalarına da dərs vermək istəyi var idi. Azərbaycandakı avtoritar hakimiyyət nə müəllimin, nə də adi bir süpürgəçinin, əsgərin və ya məmurun siyasi mövqeyinin olması ilə barışa bilmir. Onlar fərqli düşünən birinin mövcudluğunu qəbul etmək istəmirlər, çünki belə insanlar cəmiyyət üçün “rol model”ə çevrilə bilər. Rejim isə bu cür nümunələrin yaranmasına hər vəchlə mane olur. Müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının həyatın hər sahəsində – ailəsində, təhsilində, işində – məhdudiyyətlərlə üzləşməsinin bir məqsədi var, sən həm fərqli düşünüb, həm də uğurlu ola bilməzsən. Avtoritar hakimiyyətin tək bir idealı var: itaətkar və müti insan. Rejim məhz bu cür insanları mükafatlandırır və cəmiyyətə nümunə kimi təqdim edir. Biz “korrupsioner rejim cəmiyyəti öldürür” deyəndə məhz bunu nəzərdə tuturuq. Üzvü olduğum III Respublika Platformasının “Biz rəiyyət yox, vətəndaş olmaq istəyirik” şüarı da elə buradan qaynaqlanır. Biz öz fikrimizin olmasını, tənqidi düşünə bildiyimiz üçün işimizdən qovulmamağımızı, hər kəsin qohumluq və ya mütilik dərəcəsinə görə yox, bilik və bacarığına görə yer tutduğu bir cəmiyyət istəyirik. Mənim bir müəllim kimi cəzalandırılmağımın səbəbi də həm digər potensial fəallara “dərs vermək”, həm də fərqli düşünən müəllim modelini sıradan çıxarmaq idi. Rejimin gözündə müəllimliklə siyasi fəallıq bir-birindən tamamilə ayrıdır. Həbs olunanda mənə “Müəllimsən, get müəllimliyini elə” dedilər. Çünki hakimiyyət üçün müəllimin siyasi fikri ola bilməz, onlara sadəcə auditoriyaya girib-çıxan, ölkədəki haqsızlığa səsi çıxmayan robotlar lazımdır. Amma biz sübut edirik ki, insan həm peşəsinin sahibi, həm də azad düşüncəli vətəndaş ola bilər.
“Ən sərt zorakılıq belə insanın düşüncəsini dəyişə bilmir”
– Saxlanılmalarınızdan söz düşmüşkən, polis zorakılığına məruz qalmaq insanın içində nəyi dəyişir, qorxunu, yoxsa qəzəbi artırır?
– Siyasi fəal üçün bu, demək olar ki, ən azı bir dəfə yaşanan bir vəziyyətdir. Belə qarşılaşmalarda, səmimi desəm, hər insan qorxur. Amma zaman keçdikcə, bəzən hətta bir neçə dəqiqə ərzində bu qorxu dəyişir və tamamilə fərqli hislərə çevrilir. İnsan anlayır ki, qarşısındakı bütün fiziki zorakılıq, şiddət və psixoloji təzyiqlər onun daxilindəki bəzi şeyləri dəyişə bilmir. Düşüncəsini, mübarizə əzmini, hislərini dəyişə bilmədiklərini gördükdə insan sanki başqa birinə çevrilir. Həmin andan etibarən qarşılaşdığı qorxu fərqli hislərlə əvəz olunmağa başlayır və insan öz düşüncələrinə, ideyalarına daha möhkəm bağlanır. Düşünürəm ki, bu, hər bir siyasi fəal üçün ən önəmli keçid anlarından biridir. Çünki ilk saxlanılma və zorakılıq anında psixologiyamızın verdiyi reaksiya bizi dəyişdirir, bizi tamamilə fərqli bir insana çevirir. Təbii ki, burada qəzəb də ola bilər. İnsan üzləşdiyi haqsızlığa hər zaman eyni cür reaksiya vermir, bəzən qəzəb hiss edir, bəzən hirsli olur. Amma məncə, ən vacib psixoloji məqam odur ki, insan ən sərt zorakılığın belə onun daxilindəki bəzi dəyərləri dəyişə bilməyəcəyini anladığı anda gücləndiyini hiss edir. Onda başa düşürük ki, əslində güclüyük.

– Necə oldu Azərbaycanı tərk etdiniz? Ölkəni tərk etmək sizin üçün siyasi taktika idi, yoxsa həyati zərurət?
– Ölkədən çıxmağım həyati zərurət idi. Təəssüf ki, Azərbaycan səhiyyə sistemindəki “analoqu olmayan inkişafın” nəticəsində valideynimin səhhətində ciddi problemlər yaranmışdı. Həmin anda mənim başqa alternativim yox idi. Ya ölkədə qalmalı və valideynimin gözümün qabağında həyatını itirməsinə şahid olmalı idim. Ya da mümkün olan hər şeyi edib ən azından onun həyatını xilas etməyə çalışmalı idim. O məqamda veriləcək yeganə qərar onu ölkədən çıxarmaq və üçüncü bir ölkədə müalicəsini təşkil etmək idi. Düzdür, bu proses çətin oldu. “Toplum TV işi”ndə şahid olduğuma görə ölkədən çıxışıma stop qoyulmuşdu. Hüquqi baxımdan həmin stop götürülməli idi, amma götürməmişdilər.Vəkillərin, dostların dəstəyi, məsələnin ictimailəşdirilməsi bu baxımdan çox kömək oldu. Sonradan məsələlər həll olundu və ölkədən çıxa bildim. Bu gün valideynimin səhhəti əvvəlki ilə müqayisədə daha yaxşıdır. Bundan sonra isə artıq seçim məsələsi yarandı, xaricdə qalmaq, yoxsa Azərbaycana qayıtmaq. Bu qərarda həm ailənin dəstəyi, həm də təşviqi rol oynadı və nəticədə belə qərara gəldik ki, bir müddət ölkə xaricində qalaq. Çünki ölkədəki vəziyyət bəlli idi. Yaza bilmədiyimiz, danışa bilmədiyimiz bir mühitə qayıdıb sadəcə, digər dostlarımız kimi həbsə getmək – xüsusilə də həbsdəki dostların xaricdən daha çox dəstəyə ehtiyacı olduğu bir zamanda – onların vəziyyətini yaxşılaşdırmırdı. Çünki həm hüquqi müdafiə, həm də advokasiya fəaliyyətini davam etdirmək üçün azadlıqda olan insanlara ehtiyac var idi. Bu insanların sayını artırmaq daha rasional addım idi, nəinki həbsdəkilərin sayını artırmaq. Bu baxımdan gəldiyim qənaət o oldu ki, bir müddət ölkə xaricində qalım və buradan fəaliyyət göstərərək, yazılarımız və fəaliyyətimiz vasitəsilə həbsdəki dostlarımıza dəstək olaq. Düzdür, hazırda üçüncü ölkədəyəm. Amma bu, ölkədə baş verənlərdən xəbərsiz olduğum anlamına gəlmir. Çalışıram ölkə gündəmini izləyim, baş verən prosesləri anlamağa, analiz etməyə və gələcək ehtimalları qiymətləndirməyə çalışım. Paralel olaraq həbsdəki dostlarla məktublaşmalarımız olur. Onların vəziyyəti və düşüncələri ilə bağlı operativ məlumat almağa çalışıram. Eyni zamanda, onları da mümkün qədər məlumatlandırmağa çalışıram. Çünki avtoritar rejimlərdə həbsxananın əsas məqsədlərindən biri informasiya blokadası yaratmaqdır. İnsanları uzun müddət təcriddə saxlayırlar ki, onlar reallıq hissini itirsinlər, ölkədə baş verənlərdən xəbərsiz qalsınlar və azadlığa çıxanda əvvəlki fəaliyyətlərini davam etdirməkdə çətinlik çəksinlər.
Bu informasiya blokadasının qarşısını almaq çox önəmlidir. Onlara qarşı edilən haqsızlıqları ictimailəşdirmək, həbsdə olsalar belə onları müəyyən mənada qorumağa çalışmaq vacibdir.
“Bu gün Azərbaycanda insanlar tənqidi şərhə görə həbs olunur”
– Təşkilatınızın həbsdə olan üzvləri barədə ən çox nə düşünürsünüz? Azadlıqda olub onların həbsdə qalması sizdə hansı məsuliyyət hissini yaradır? Sizcə onların həbsi təşkilatı zəiflədib, yoxsa daha da görünən edib? Onların azadlığa çıxması üçün beynəlxalq və yerli səviyyədə nə etmək lazımdır?
– Mən bütün siyasi məhbusları, eyni əqidəni paylaşdığım insanları özümə dost hesab edirəm. Düşünürəm ki, bu məsələ təkcə iki nəfərin və ya bir təşkilatın problemi deyil. Bu, bütövlükdə ölkənin problemidir. Onsuz da siyasi məhbus məsələsi Azərbaycanın ən fundamental problemlərindən biridir. Təəssüf ki, bugünkü reallıq fərqlidir. Biz nə qədər advokasiya və hüquq müdafiəsi işi aparmağa çalışsaq da, geosiyasi tendensiyalar, xüsusilə regionda baş verən proseslər və Azərbaycan hakimiyyətinin sülh məsələsindən Avropa və Qərblə münasibətlərdə bir alət kimi istifadə etməsi, vəziyyəti daha da mürəkkəbləşdirib. İnsan hüquqları və demokratiya məsələləri artıq prioritet deyil. Heç kim Azərbaycandakı avtoritar rejimlə münasibətləri korlamaq istəmir. Çünki Azərbaycanı alternativ enerji mənbəyi, Cənubi Qafqazda sülhün təminatçılarından biri və ümumilikdə geosiyasi tərəfdaş kimi görürlər. Buna görə də onunla münasibətləri qorumağa çalışırlar. Azərbaycan hakimiyyəti də bu vəziyyətdən istifadə edərək daxildə tənqidi fikirləri açıq şəkildə susdurur. Üstəlik, bunu cəzasızlıq hissi ilə edir. Dünyaya mesaj verir ki, “bunu edirəm və heç bir nəticəsi olmur”. Daxildəki vəziyyət isə bəllidir, ciddi bir depressiya mühiti var. Artıq təkcə siyasi fəalların yox, adi vətəndaşların da sadəcə tənqidi bir şərh yazdıqlarına görə həbs olunduqlarını görürük. Çox gərgin bir atmosfer formalaşıb. Belə bir mühitdə insanların daxildən nəyisə dəyişmək imkanları da xeyli məhdud görünür. Çünki insanlar risk etmək istəmirlər. Hamı görür ki, etiraz edənlərə və fərqli fikir səsləndirənlərə qarşı hakimiyyətin reaksiyası çox sərtdir və açığı, biz heç kimdən qəhrəmanlıq gözləyə bilmərik.
“Əsas problem avtoritarizmdir”
– Azərbaycanda əsas siyasi problem sizcə nədir: idarəetmə modeli, hüquq sistemi, yoxsa siyasi mədəniyyət?
– Biz Azərbaycandakı bütün problemlərin kökündə siyasi hakimiyyətin dayandığı qənaətindəyik. Çünki hakimiyyət cəmiyyətin güzgüsüdür, o medianı və digər rıçaqları əlində tutaraq vətəndaşları istiqamətləndirmək gücünə malikdir. Bunu manipulyasiya ilə də edə bilər, maarifçiliklə də. Yəni əsas məsuliyyət hər zaman gücü əlində tutan institutun – idarə edənlərin üzərindədir. Siyasi hakimiyyət despotizmə yuvarlanırsa, bir qrupun şəxsi maraqları dövlət və millət maraqlarını üstələyirsə, deməli, problem elə buradadır. Maarifçi dostlar dəyişimin aşağıdan başlamalı olduğunu deyirlər. Amma siyasi iradə olmadan cəmiyyətdə proqressiv dəyərləri bərqərar etmək çox çətindir, çünki avtoritar sistem hər zaman yeniliyin qarşısını alır. Bizim üçün təməl məsələ bir nəfərin gedib, başqasının gəlməsi deyil, hakimiyyətin xarakterinin dəyişməsidir. Avtoritarizm, onu kimin idarə etməsindən asılı olmayaraq, dövləti məhvə aparan bir sistemdir. Demokratik sistem isə əksinə, cəmiyyəti inkişaf etdirən və siyasi ideyalar ətrafında yenidən təşkil edən bir mexanizmdir. Bir sözlə, Azərbaycandakı əsas problem məhz siyasi hakimiyyətin xarakteridir.
– Bəs müxalifətin ən böyük çatışmazlığı nədir?
– Əslində, bu, çox verilən suallardandır. Bütün verilişlərə baxsanız, bütün müsahibələrdə hər kəsə bu sual verilir. Müxalifətin əlində siyasi hakimiyyətin gücü olmadığına görə hər kəs onu tənqid etməkdən sanki həzz alır. Biz keçmişi müzakirə etməkdən gələcəyə baxa bilmirik.
Bütün siyasi müzakirələrimiz də sonda 1993-cü ilə, “Sürət Hüseynovun qiyamına” gedib çıxır və “Allah Sürətin evini yıxsın” deməklə yekunlaşır. Bu diskurs bizi gələcəyə baxmaqdan məhrum edir, keçmişə bağlı qalmaq bizim məğlubiyyətimizdir. Müxalifəti qiymətləndirmək üçün gələcəyə fokuslanmaq lazımdır. Bəli, repressiyalar nəticəsində böyük itkilər vermişik, amma ümidsiz vəziyyət yoxdur, ümidsiz insanlar var. Bu gün şərtlər hakimiyyətin lehinə olsa da, onlar dəyişkəndir. Hazırda əsas işimiz həbsdəki dostlarımızın müdafiəsidir, lakin bundan daha önəmlisi gələcəyə yönəlik ideya və vizyon qoymaqdır. Xalqın hər zaman bir sualı var, siz bizə nə təklif edirsiniz? Bu təklif təkcə partiya proqramı deyil, həm də konkret strateji həll yolları olmalıdır. Sosial şəbəkə dövründə yüzminlərlə üzvü olan təşkilata ehtiyac yoxdur, milyonlarla insan bizi izləyə bilir. Bizə klassik ideyalar yox, yeni strateji fikirlər lazımdır. Hakimiyyət cəmiyyətdə belə bir rəy formalaşdırır ki, Azərbaycanı tarixən həmişə bir nəfər idarə edib. Amma Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, demokratiya və insan haqları bizə yad deyil. 1918-ci ildə bunu bacaran xalqın varisiyik.
– Azərbaycana qayıtmaq planınız varmı? Və hansı şərtlərlə?
– Əlbəttə, Azərbaycana qayıtmaq planım var. Siyasi fəaliyyətə başlayanda bunu öz şəxsi maraqlarım və ya gələcəyim üçün etməmişəm, onsuz da Azərbaycanda normal işim yoxdur. Anlamalıyıq ki, cəmiyyətin problemi, hamımızın problemidir. Bəzi insanlar “mənim işim, qazancım yaxşıdır, deməli, problem yoxdur” məntiqi ilə yaşayır. Heç kim zəmanət verə bilməz ki, sabah övladının oxuduğu məktəbdə bir zorakılıq hadisəsi baş verməyəcək və ya xəstəxanada sistemin qurbanına çevrilməyəcək. Problemdən qaçmaq çıxış yolu deyil. Türkiyəli alim Cəlal Şengörün kitabında deyildiyi ki, “Sənin cahilliyin mənim həyatıma təsir edir”.
İndiki şəraitdə həbsxanada olmaqdansa, xaricdən fəaliyyət göstərməyin daha faydalı olduğunu düşünürəm. Bu gün ümid işığı görünməsə də, siyasi şərtlər çox sürətlə dəyişir. Azərbaycan hakimiyyəti qlobal güc deyil ki, dünya hər zaman onunla razılaşsın, gec-tez o da dəyişikliklərlə hesablaşmalı olacaq. Sabah ölkədə fəaliyyət göstərmək üçün minimal imkan yaranan kimi məmnuniyyətlə qayıdacağam. Çünki mənim məqsədim cəmiyyətimizin daha yaxşı gələcəyə doğru addımlamasına xidmət etməkdir.