Sevinc Vaqifqızı “10 ən vacib” jurnalist siyahısına daxil edilib

Sevinc Vaqifqızı. Foto: Meydan TV

AbzasMedia-nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı “10 ən vacib” jurnalist siyahısına daxil edilib.

Həbsdə olan jurnalist Vaqifqızının artıq ikinci dəfədir ki, adı bu siyahı yer alır.

Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində, 40-dan artıq beynəlxalq media quruluşu “One Free Press Coalition” (Vahid Azad Mətbuat Koalisiyası) çərçivəsində bir araya gələrək, həqiqətləri işıqlandırdıqları üçün təzyiqlərə məruz qalan jurnalistləri gündəmə gətirmək məqsədilə bu siyahını dərc edib. Cari ilin “ən önəmli 10-luq” siyahısı dünya miqyasında “terrorçuluq” yaxud “dövlətə xəyanət” kimi ittihamlarla hədəf seçilən mətbuat nümayəndələrinə fokuslanır.

Qurum Sevinc Vaqifqızı haqda bildirib ki, korrupsiya araşdırmaları aparan AbzasMedia nəşrinin baş redaktoru hazırda Azərbaycanda doqquz illik həbs cəzası çəkir. O, 2023-cü ildən bəri ölkədə müstəqil mediaya qarşı həyata keçirilən təzyiqlər fonunda saxlanılan 24 jurnalistdən biridir.

S.Vaqifqızı 2023-cü ilin sonlarında iki həmkarı ilə birlikdə, rəsmi qurumların Bakıda redaksiya ofisində apardığı axtarış zamanı 43 000 dollardan çox vəsait tapıldığı iddiası ilə həbs edilib. O, 2025-ci ilin ortalarında Qərb donorlarından maliyyə vəsaiti almaq və ölkəyə qanunsuz yolla külli miqdarda pul gətirməkdə ittiham olunaraq maliyyə cinayətləri törətməkdə təqsirli bilinib. 36 yaşlı Vaqifqızı və həmkarları bu ittihamları rədd edərək yaydıqları bəyanatda bildiriblər ki, bu həbslər “ölkə prezidenti və onun təyin etdiyi vəzifəli şəxslərin törətdiyi korrupsiya cinayətləri ilə bağlı bir sıra araşdırmalara” görə qisas xarakteri daşıyır.

Sevinc Vaqifqızı da daxil olmaqla 7 nəfər hazırda “AbzasMedia işi” üzrə həbsdədir.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Ana səhifəSiyasətSevinc Vaqifqızı “10 ən vacib” jurnalist siyahısına daxil edilib