Mayın 1-də, Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən növbəti məhkəmə prosesində jurnalistlər Aysel Ümüdova, Xəyalə Ağayeva, Aytac Tapdıq, Ülviyyə Əli, Fatimə Mövlamlı 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar aksiya keçiriblər.
Onlar stulların üzərinə çıxaraq “Azadlıq mətbuatın şah damarıdır”, “Sözə qandal vurulmur”, “Azad söz bizimdir, məhbəsə sığmaz”, “İnternet azaddır, söz bloklanıb”, “Jurnalistika cinayət deyil” və “Meydanda da yan-yana, zindanda da yan-yana” deyərək şüarlar səsləndiriblər.
Həmçinin “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli çıxış edib:
“Bu gün 1 may – Beynəlxalq Əmək Günüdür. Bu gün işçilərin əməyini ölkədə ən dəyərsiz səviyyəyə salanların deyil, istismarı işıqlandıranların məhkəməsidir.
Mən də hazırda, təxminən məndən 10 il öncə elə bu ərəfələrdə dostum Bayram Məmmədovun dayandığı kürsüdən məhkəməyə çıxış edirəm. Sabah, yəni 2 may onun anım günüdür, sıralarımızdan vaxtsız ayrılmasından beş il keçir.
Müstəqil jurnalistlərin azadlıqda görə bilmədiyi 3 may – Mətbuat Azadlığı Günüdür. Həmin gündə müstəqil jurnalistlərini saxta ittihamlarla həbsə atan adamların “ölkədə mətbuat azaddır” deyəndə, gülüş hədəfinə çevrildiyi məmləkətdən həyəcan təbili çalıram“, – deyə jurnalist bildirib.
Həbsdə olan jurnalistlərin bəzilərinin vəkilləri məhkəməyə gecikdiyi üçün proses təxirə salınıb. Onlar bunun üçün hakimdən vaxt istəsə də, hakim Aytən Əliyeva razı olmayıb.
Növbəti məhkəmə prosesi mayın 22-nə təyin edilib.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.