Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses hal şahidi kimi tanınan şəxslərin dindirilməsi ilə davam edib.
Əvvəlcə təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Elmir Abbasovun evindəki axtarışda iştirak etmiş Səid adlı şahid ifadə verib. Şahid onu dindirən vəkil Zibeydə Sadıqovanın əksər suallarına “yadımda qalmayıb” deyə cavab verib. O, vəkilin sualına cavab olaraq deyib ki, ilk dəfə polisin əməliyyatında bu cür şahid kimi iştirak edib.
“İlk dəfə iştirak etdiyiniz bir şey necə yadınızda qalmaya bilər?”, – vəkil sual edib.
Bu zaman A.Tağıyev vəkilin sözünü kəsərək şahidi müdafiə edib: “Deyir, yadımda qalmayıb da!”
Səid adlı şahid daha sonra evdən 3 min avroya yaxın pulun tapıldığını iddia edib. E.Abbasov isə pulun ona və ya ailəsinə aid olmadığını deyib.
Daha sonra təqsirləndirilən şəxslər vəsatətlər veriblər.
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahov evində axtarış zamanı tapıldığı iddia olunan 2700 avro vəsaitin sübutlar siyahısından çıxarılması və sübutların yenidən qiymətləndirilməsi üçün vəsatət verib.
“Axtarışda hal şahidi kimi iştirak edən şəxs də burada dedi ki, mən axtarış zamanı pulların mənə aid olmadığını demişəm. Azərbaycan elə bir yerdir ki, siqaret çəkməyənin üstündən narkotik çıxır, camaatın yastığının altından silah çıxır. Evimdə axtarış zamanı çəkilişin aparılmaması, babamın həbslə təhdid olunması və digər amillər də sübut edir ki, mənim həbsim qeyri-legitim əsaslarla həyata keçirilib”, – deyərək o, vəsatəti əsaslandırıb.
“Toplum TV” əməkdaşı Fərid İsmayılov isə Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılovun məhkəməyə çağırılıb dindirilməsi üçün vəsatət verib.
“Deyirsiniz, cinayətkar qrupun jurnalisti olmuşam. Əhməd İsmayılov gəlsin, desin, qaçaqmalçılığı təbliğ etmişəm, ya göstərmişəm?”, – o qeyd edib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli isə növbəti dəfə ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, boğazındakı şişlərin müalicəsi üçün endokrinoloqa və qanın hormonal müayinəsinə ehtiyacı olduğunu, lakin Bakı İstintaq Təcridxanasında bunların heç birinin olmadığını bildirib.
“İki ildir vəsatətlər verirəm, siz təcridxanaya sorğu göndərirsiniz, onlar da deyir ki, Ələsgər Məmmədlinin xəstəliyi müşahidəmiz altındadır. Bəzən 24-36 saat fasiləsiz başağrılarım olur. Xəstəliyim qarşısıalınmaz nöqtəyə çatmadan müalicəsi ilə məşğul olmaq istəyirəm. İndiyədək şahidlərə, hətta sizə təsir edə biləcəyim əsası ilə məni ev dustaqlığına buraxmamısınız. Şahidlərin dindirilməsi bitib. Məhkəmə prosesinə isə hörmət edirəm və elə adam da deyiləm ki, sizə təzyiq göstərim”, – o, hakimə xitabən deyib.
Vəsatəti müdafiə edən vəkillər Zibeydə Sadıqova və Fuad Ağayev Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar hallarda Azərbaycan hökumətinə qarşı çıxardığı qərarları xatırladıblar.
Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli də təcridxanada tibbi xidmətin lazımi səviyyədə olmadığını bildirib.
“Təcridxanaya gələn bir həkim dalağından şikayət edən bir məhbusa dedi ki, sənin dalağında heç nə yoxdur. Bu həkimlər 600-700 manata işləyirlər. Hansı savadlı həkim bu maaşa işləyər?”, – o sual edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə prosesi mayın 4-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.