Bu gün, aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının şikayətinə baxılıb.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının Meydan TV-yə verdiyi məlumata görə, prosesdə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusibov və vəkili iştirak etməyib. Azər Qasımlının vəkili Rövşanə Rəhimli buna etiraz edərək deyib ki, ona sualları var. Dövlət ittihamçısı isə buna etiraz edərək bildirib ki, həmin suallara birinci məhkəmə instansiyasında cavab verilib.
Vəkil vəsatət qaldırıb ki, yenidən istintaq keçirilsin və Yusibovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyeva şahid qismində dindirilsin. Rövşanə Rəhimli çıxışında deyib ki, Fərəhbanu Niftəliyevanın şahid kimi dindirilməsi haqqında məhkəmə qərarının olmasına baxmayaraq qərar icra olunmayıb. O qeyd edib ki, Niftəliyevanın ifadəsi Azər Qasımlıya qarşı ittihamların absurdluğunu ortaya çıxaracaq.
Həmçinin vəkil bildirib ki, zərərçəkmiş Yusibov Qasımlının onu guya təhdid etdiyi dövrdə Fərəhbanu Niftəliyeva ilə birgə ünvanda yaşaması barədə məhkəməyə yalan ifadə verib:
“Qurbanəli Yusibov Fərəhbanu Yusifovanın ailəsinə məxsus ünvanda yaşadığını deyir və guya həmin ünvanda Azər Qasımlı ona zəng eləyib, onu təhdid edib. Halbuki onlar həmin dövrdə boşanmışdılar və Qurbanəli Yusifov orda ola bilməzdi. Ona görə də bu xanımın gəlib ifadə verməyi mütləq vacib idi. O, bu iddianın absurd, əsassız olduğunu və yalan üzərində qurulduğunu deyəcəkdi”, – deyə Samirə Qasımlı bildirib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin edilib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.