Enerji diplomatiyası: Çexiya Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir

Foto: Azərtac

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə əkbətək və geniş tərkibdə görüşlər keçirib.

Bundan başqa Azərbaycan-Çexiya biznes-forumu təşkil olunub, daha sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.

Görüşlərdə əsas xətt enerji əməkdaşlığı, neft və qaz təchizatı, eləcə də iqtisadi münasibətlərin genişləndirilməsi olub.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Bakı ilə Praqa arasında siyasi dialoq aktiv mərhələdədir və tərəflər müxtəlif istiqamətlər üzrə müzakirələri davam etdirir:

“Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”.

İqtisadi əlaqələrə toxunan Əliyev ticarət dövriyyəsinin 800 milyon dollardan çox olduğunu qeyd edib, amma strukturdan narazılığını gizlətməyib:

“Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını arzulayırıq”.

Prezident Əliyev Azərbaycanı Avropanın etibarlı enerji tərəfdaşı kimi xarakterizə edib:

“Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır… Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür”.

O, Çexiya ilə enerji əlaqələrinin təkcə ticarət deyil, daha uzunmüddətli əməkdaşlıq modeli kimi inkişaf etdiyini deyib.

Müdafiə sənayesi və birgə istehsal məsələləri də gündəmə gətirilib. Əliyev bu sahədə danışıqların davam etdiyini bildirib:

“Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir”.

Çexiyanın Baş naziri Andrey Babiş isə Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırıb və enerji asılılığını rəqəmlərlə ifadə edib:

“Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır”.

Baş nazir də enerji əməkdaşlığına diqqət çəkib:

“Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur”.

Babiş enerji sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini də bildirib, xüsusilə qaz təchizatı üzrə uzunmüddətli müqavilələrin gündəmdə olduğunu qeyd edib:

“Biz uzunmüddətli müqavilələri imzalamağa hazırıq”.

Çexiyanın nümayəndə heyətinin 50-yə yaxın şirkətlə Azərbaycana gəldiyi, Bakı Metropoliteni, sənaye istehsalı, texnologiya və müdafiə sənayesi daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq planlarının müzakirə edildiyi bildirilib.

Ana səhifəSiyasətEnerji diplomatiyası: Çexiya Azərbaycanı strateji tərəfdaş kimi təqdim edir