Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən jurnalistlərdən biri Nurlan Libre (Qəhrəmanlı) müdafiə hüququnun pozulmasından şikayətlənib.
Jurnalist bildirib ki, saxlandığı Bakı İstintaq Təcridxanasında sənədləri əlindən alınıb. Bu səbəbdən müdafiəsini qura bilmir.
“Elnur İsmayılov (Bakı İstintaq Təcridxanasının rəisi) ittiham aktını əlimdən alıb. Ona görə müdafiəmi qura bilmirəm”, – deyə Nurlan Libre məhkəmə zalında saxlandığı şüşə kabindən qışqırıb.
Lakin ona fikrini başa çatdırmağa imkan verilməyib.
Məhkəmə prosesini izləməyə gələnlər zaldan çıxarılıb.
Hakim “Meydan TV işi” üzrə prosesin iki həftə sonra – mayın 1-nə təxirə salındığı elan edib.
Məhkəmə vəkil Cavad Cavadovun prosesdə ştirak etməməsi səbəbindən təxirə salınıb.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.