Yerli mediada və sosial şəbəkələrdə aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahənin yararsız hala salınmasını əks etdirdiyini iddia edən görüntülər paylaşılıb.
Görüntülərdə həmin ərazidə olan şəxslər gəzərək güllərlə foto və video çəkdirirlər.
Bundan sonra yerli mediada yayılan məlumatlarda ərazinin yararsız vəziyyətə salınması iddiası ilə 10-a yaxın şəxsin kimliyi müəyyən edilərək, polisə çağırıldıqları, barələrində “məsuliyyət tədbirləri görüldüyü” yazılıb. Amma hansı “məsuliyyət tədbirlərindən” söhbət getdiyi açıqlanmır. Şəxslərin kimliyi barədə də heç bir məlumat verilmir.
Aprelin 13-də bir qrup blogerlər həmin ərazidə güllərlə müxtəlif videolar çəkərək öz sosial şəbəkə səhifələrində paylaşmışdılar. Hadisədən sonra adı çəkilən blogerlərdən bəziləri (Selcan Vəlizadə, Lalə Babayeva, Nərmin Musayeva, Həmayıl Ələsgərova, və adları bilinməyən ) videoları siliblər.
Bloger Selcan Vəlizadə “İnstagram” səhifəsində paylaşdığı statusda indiyədək hər hansı məsuliyyətə cəlb olunmadığını və ya cərimə olunmadığını bildirib.

Hüquqşünas: “Qanunda boşluq var”
Mövzu ilə bağlı hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, dövlətin və xalqın vergiləri hesabına alınıb qorunan bir əmlaka ziyan vurulması mütləq məsuliyyət yaradır. Lakin burada əsas hüquqi problem qanunvericiliyin, konkret olaraq İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinin mətni ilə bağlıdır.
Belə ki, həmin maddədə meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə cərimə nəzərdə tutulsa da, maddənin mətnində “gül və ot bitkiləri” yazılmayıb. Bu boşluğa görə polisin həmin maddəni əsas tutaraq cəza tətbiq etməməsi düzgün davranışdır; çünki qanunvericilikdəki problemin həlli başqa yoldur və insanları qanunda birbaşa qeyd olunmayan hallara görə cəzalandırmaq olmaz.
Digər tərəfdən, insanların kütləvi trendlərə qoşulması halları nəzərə alınaraq, ilk dəfə baş verən hərəkətlər zamanı xəbərdarlıq və profilaktik söhbətlərlə kifayətlənmək olar.
“Lakin ən vacib məqam qanun qarşısında bərabərlikdir. Şəxsin sosial kimliyinə, bloger olub-olmamasına görə ona fərqli yanaşmaq ifadə azadlığının özünə zərərdir. Problemin köklü həlli üçün qanunvericilik parlament və ya Konstitusiya Məhkəməsi səviyyəsində təkmilləşdirilməlidir”, – deyə hüquqşünas bildirib.
Hadisə ilə əlaqədar adı çəkilən blogerlərlə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verən olmayıb.