Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində köklü dəyişikliklərlə nəticələnib və 16 illik Viktor Orban hakimiyyətinə son qoyulub. Seçkilərin rəsmi nəticələrinə əsasən, Peter Magyarın (Péter Magyar) rəhbərlik etdiyi müxalif Tisa partiyası səslərin 53 faizindən çoxunu toplayaraq 199 yerlik parlamentdə 138 mandatla konstitusion çoxluq əldə edib. Viktor Orbanın rəhbərlik etdiyi Fides partiyası isə 38 faiz səs toplayaraq 55 mandatla müxalifət sıralarına keçib. Səsvermədə seçici fəallığı 79,5 faiz təşkil edərək ölkə tarixində rekord həddə çatıb.
Peter Magyar kimdir və nə vəd edir?
Yeni seçilmiş lider Peter Magyar vaxtilə Orban hökumətində diplomat və daxili dairənin üzvü kimi fəaliyyət göstərsə də, bir müddət əvvəl korrupsiya və idarəetmə problemlərinə etiraz edərək müxalifətə keçib. O, qələbədən sonra verdiyi ilk açıqlamalarda ölkənin gələcək kursunun korrupsiya ilə mübarizə, dövlət institutlarının gücləndirilməsi və Avropa dəyərlərinə inteqrasiya üzərində qurulacağını bildirib. Xüsusilə Ukrayna ilə bağlı mövqedə kəskin dəyişiklik anons edən Magyar, Macarıstanın bundan sonra Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyəcəyini və Avropa İttifaqının yardımları üzərindəki vetonu götürəcəyini vurğulayıb.
Viktor Orban 2010-cu ildən Macarıstanın baş naziri idi və daha çox mühafizəkar, millətçi siyasəti ilə tanınırdı.
Beynəlxalq reaksiyalar
Beynəlxalq müstəvidə seçki nəticələri əks-səda doğurub. Avropa İttifaqı və NATO liderləri Macarıstanda demokratik islahatların anons edilməsini alqışlayıblar. Analitiklər Viktor Orbanın məğlubiyyətini Vladimir Putin və Donald Tramp kimi liderlərin Avropadakı ən mühüm siyasi müttəfiqlərini itirməsi kimi qiymətləndirirlər.
Donald Trampın Macarıstandakı seçki nəticələri və Peter Magyar barədə rəsmi mövqeyi hazırda beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Seçki ərəfəsində Viktor Orbanı “güclü lider” və “əsl dost” adlandıraraq ona açıq dəstək verən Tramp, nəticələr elan olunduqdan sonra hələlik birbaşa və geniş bəyanatla çıxış etməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Macarıstanda keçirilmiş parlament seçkilərində qələbə qazanan Peter Magyarı ( Péter Magyar) təbrik etməyəcək. Amma buna baxmayaraq Moskva macar xalqının seçiminə hörmətlə yanaşır. O qeyd edib ki, Macarıstan öz seçimini edib və Rusiya bu reallığı qəbul edir.
Keçmiş Baş nazir Viktor Orbanın Azərbaycanın Prezidenti İlham Əliyevlə enerji münasibətlərinə və siyasi müttəfiqliyə əsaslanan çox yaxın münasibətləri var idi. Viktor Orban dövründə Azərbaycan-Macarıstan münasibətləri xeyli genişlənmişdi.
Hətta seçkilər günü dövlət agentliyi olan “Azərtac” bir az tələsik xəbər yayaraq, Orbanın səs çoxluğu ilə lider olduğunu yazmışdı.
“Orbanla yanaşı Putin, Tramp, Netanyahu və Ərdoğan da məğlub oldu”
Siyasi şərhçi Şahin Cəfərli yazır ki, seçkili avtoritarizmdən çıxış yenidən seçki yolu ilə baş verdi. Bu hadisə Avropa və dünya siyasəti üçün çox müsbət, hətta tarixi əhəmiyyət daşıyan bir presedent kimi qiymətləndirilir. Macarıstan kiçik ölkə olsa da, bu seçkilərin nəticələri onun hüdudlarını aşacaq qədər önəmlidir. Onun fikrincə, bu gün Orbanla yanaşı Putin, Tramp, Netanyahu və Ərdoğan da siyasi baxımdan məğlub sayılır.