ABŞ-İran atəşkəsi: Müharibə necə dayandırıldı və bundan sonra nə olacaq?

Aprelin 8-də ABŞ-nin İrana qarşı müəyyən etdiyi ultimatumun başa çatmasına iki saatdan az vaxt qalmış, tərəflər arasında iki həftəlik müvəqqəti atəşkəs razılaşması əldə olundu. Bu addım Yaxın Şərqdə 40 gündür davam edən və genişmiqyaslı regional müharibə riskini artıran hərbi əməliyyatları müvəqqəti dayandırmaq məqsədi daşıyır. Atəşkəsin əldə olunmasında Pakistanın diplomatik vasitəçiliyi həlledici faktor kimi qiymətləndirilir. Pakistanın Baş naziri Şahbaz Şərif və Ordu Korpusu komandiri Asim Munirin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində tərəflər kompromisə gəliblər. Razılaşmanın növbəti mərhələsi və daha qalıcı sülh planı üzrə müzakirələrin bir neçə gün sonra İslamabadda keçirilməsi gözlənilir.

Atəşkəsin şərtləri

Əldə olunan ilkin razılaşmaya əsasən, İran beynəlxalq ticarət gəmilərinin keçidi üçün strateji əhəmiyyətli Hörmüz boğazını açmağa razılıq verib. Lakin bu keçidlərin İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə ediləcəyi bildirilir. Tehran rəhbərliyi sülh müqabilində öz şərtlərini irəli sürüb. Bura bütün iqtisadi sanksiyaların dərhal ləğvi, İranın uranı zənginləşdirmə hüququnun rəsmən tanınması və ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması tələbləri daxildir. 40 günlük hərbi əməliyyatlar nəticəsində İranda yüzlərlə məktəb, xəstəxana və yaşayış binası dağılıb. Atəşkəs dövründə humanitar yardımların çatdırılması prioritet məsələ kimi müəyyən edilib. Bununla belə, razılaşmanın hələ ki, tam olaraq detalları məlum deyil. 

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İrana qarşı hücumlar dayandırılacağı təqdirdə, Tehran da əməliyyatları dayandıracaq. O bildirib ki, ölkə ordusu atəşkəs dövründə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək. Əraqçı vurğulayıb ki, razılaşma humanitar yardımların çatdırılması və iqtisadi ziyanların qarşısının alınması üçün fürsət yaradır. 

İsrail şimalda əməliyyatları dayandırmayacaq

İsrailin Baş naziri Benyamin Netanyahu CNN-ə verdiyi qısa açıqlamada deyib ki, “İranın geri çəkilməsini alqışlayırıq, lakin şimal sərhədlərimizdə terror infrastrukturunu (Hizbullah) məhv etmək əməliyyatlarımız davam edəcək”. Digər tərəfdən, İsrail daxilindəki müxalif qüvvələr bu razılaşmanı kəskin tənqid edərək, bunu İranın “strateji qələbəsi” və Qərbin siyasi fəlakəti” kimi xarakterizə ediblər.

Neftin qiyməti 100 dollardan aşağı düşüb

Atəşkəs xəbəri bir barel neftin qiymətini bir neçə saat ərzində 120 dollardan 90 dollar səviyyəsinə qədər endirib. Bazarlar Hörmüz boğazının açılmasını qlobal təchizat zənciri üçün “möcüzəvi qurtuluş” kimi qiymətləndirir.

Bundan sonra nə gözlənilir?

Diqqət bu cümə — aprelin 10-da İslamabadda keçiriləcək sammitə yönəlib. Nikbin gözləntilərə görə, İran nüvə proqramını məhdudlaşdırır, ABŞ isə bunun qarşılığında sanksiyaları mərhələli şəkildə ləğv edir. Bədbin ssenariyə əsasən isə atəşkəs sadəcə tərəflərin yenidən silahlanması üçün bir fasilə rolunu oynayır və 14 gündən sonra daha şiddətli döyüşlər başlayır. Analitiklər bu 14 günlük müddətin regionun gələcəyi üçün kritik olduğunu, lakin tərəflərin qarşılıqlı tələblərinin kəskin fərqlənməsi səbəbindən qalıcı sülhün hələ də uzaq göründüyünü vurğulayırlar.

Ana səhifəDünyaABŞ-İran atəşkəsi: Müharibə necə dayandırıldı və bundan sonra nə olacaq?