Aprelin 6-da Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmayılovun qardaşı bir qrup şəxslə birlikdə bir vətəndaşı döyüb. Bu haqda ictimai fəal Samirə Bayramova özünün sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib.
İnsidentə səbəb döyülən şəxsin sahibi olduğu mağazada çörəyin qiymətini qaldırmaqdan imtina etməsi olub.
Məlumata görə, hadisədən sonra merin qardaşı Kənan İsmayılov Marneuli Polis İdarəsinə aparılıb. Hadisə ilə əlaqədar olaraq Marneuli meri Daur İsmayılov, onun müavini Giorgi Qodabrelidze, parlament üzvü Zaur Darğallı və bələdiyyə məclisinin bir sıra üzvləri polis idarəsinin qarşısına toplaşıblar.
Gürcüstan Daxili İşlər Nazirliyi faktı təsdiqləyərək hadisə ilə bağlı istintaqa başlanıldığını açıqlayıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1 prima hissəsinin “b” bəndi üzrə aparılır. Bu maddə qrup halında zorakılıq əməllərini əhatə edir.
Samirə Bayramova paylaşımında qeyd edib ki, son günlər merin ailə üzvlərinin şəhərdə gərginlik yaratdığı iddia olunur.
“Onlar öz biznes maraqlarından irəli gələrək çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur edirdilər. Onlardan biri şəxsən mənimlə əlaqə saxladı. Bu tələbə tabe olmayanlardan biri bu gün vəhşicəsinə döyülüb”, – Samirə Bayramova öz paylaşımında qeyd edir.
İctimai fəal bildirib ki, hadisə barədə ilkin məlumatı səhər saatlarında hadisə yerində olan taksi sürücüsündən alsa da, mesajın gec fərqinə varıb. Daha sonra başqa bir vətəndaşın da onunla əlaqə saxlayaraq baş verənlər barədə məlumat verdiyini qeyd edib:
“Zərərçəkmiş şəxsdən və onun ailəsindən xahiş edirəm ki, hadisə barədə mütləq mediaya məlumat verin; bu sizin rıçaqınız olacaq ki, faktı və zorakılığı gizlədə bilməsinlər. Ölkədə vəzifəli şəxslərin “müdafiə olunması” hallarına son qoyulmalıdır”.
Qeyd olunan maddə üzrə təqsirli bilinən şəxsləri bir ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.