Birləşmiş Millətlər Təşkilatının 3 xüsusi məruzəçisi “Meydan TV işi” üzrə hazırda həbsdə olan Ülviyyə Əli (Quliyeva) barəsində Azərbaycan hökümətinə rəsmi müraciət ünvanlayıb.
Yanvarın 16-da göndərilən müraciətdə məruzəçilər Rim Əlsalem, İrine Xan, Marqarit Satertveyt jurnalistin həbsi və məruz qaldığı zorakılıq halı ilə bağlı cavab tələb etdiklərini bildiriblər.
Onlar Ülviyyə Əlinin mayın 6-dan 7-nə keçən gecə müxalif siyasətçinin məhkəmə iclasını işıqlandırdıqdan sonra yaşadığı mənzildə polis tərəfindən saxlanıldığını deyib. Məruzəçilər qeyd edib ki, saxlanılma zamanı ona fiziki təzyiq göstərilib, vəkillə təmin olunmayıb, axtarış isə ciddi prosedur pozuntuları ilə aparılıb və sonradan mənzildə ona aid olmadığı deyilən nağd pul “tapılıb”.
Məruçəzilər insan hüquqları üzrə beynəlxalq standartların mümkün pozuntuları aşkar olunduğunu deyib. Sənəddə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) (Maddə 9, 14, 19, 7, 10) və CEDAW (Maddə 1, 2, 5) çərçivəsində əsassız həbslər, müdafiə hüququnun məhdudlaşdırılması, ifadə azadlığına təzyiqlər, gender əsaslı zorakılıq və tibbi yardımın yoxluğu kimi fundamental pozuntular qeyd olunub.
Məruzəçilər Azərbaycan hökumətindən Ülviyyə Əlinin saxlanılması, ev axtarışı və həbsinin hüquqi əsasları, bu tədbirlərin zəruriliyi və proporsionallığı, iddia olunan zorakılıq hallarının müstəqil araşdırılması və nəticələri, vəkilə çıxışın təmin edilməsi, tibbi müayinələr və müstəqil tibbi yardım qərarları, eləcə də jurnalist fəaliyyətinə və ifadə azadlığına təsir etməməsi ilə bağlı açıqlama verməsini tələb ediblər.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ümumilikdə, “Meydan TV işi” üzrə 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər 12 nəfər həbs olunub.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.