“Meydan TV işi”nə görə həbs edilən jurnalist Natiq Cavadlı təcridxanadan yazır:
Bu sətirləri yazarkən ömrümün 55-ci baharına günlər qalırdı. Artıq ikinci ildir ad günümü həbsxanada keçirirəm. Sizlərin də doğum günlərində yanınızda ola bilmədim. 2025-ci ilin fevralında Ayçiçəyin telefonun o başından ağlayaraq “nə üçün 25 yaşımı sənsiz keçirməliyəm? Axı nəyə lazım idi bunlar, onsuz da cəmiyyətin sizlərdən xəbəri yoxdur, şikayətlərini işıqlandırdıqlarınız da unudublar sizi…” Və biz bayramları, ad günlərini sənsiz qarşılayırıq, “nədən yaşatdın bunları bizə Ata”, deyə sual dolu qınaqlarını hələ də unutmuram.
Bəli, uşaqların sualları həmişə çətin olur. Ancaq suallarınıza cavab vermək borcumdur. Əlbəttə, Ayçiçəyin etirazında polislərin vəkilim Zibeydə xanımın iştirakı olmadan evimizdə axtarış zamanı qanunsuz hərəkətləri də rol oynadı.
Uşaqlar, yəqin xatırlayırsınız, evdən ayrılanda ananızı və sizləri bağrıma basıb dedim:
Mehriban olun, dərslərinizə diqqəti artırın, bu özbaşınalıqlardan qorxmayın, güc alın, imtahanlarınızdan uğurlu nəticələr gözləyirəm. Və bu istəklərimiz gerçəkləşdi. Ayçiçək uzmanlığı, Dəniz universiteti qazandı, Türkel isə dərslərində məsuliyyəti artırdı. Bunları Şüvəlanın soyuq divarlarında eşitmək məni də gücləndirdi, özümə güvəni artırdı. Ümumiyyətlə, həbsxanada kitablardan və sizlərin uğurlarından güc alıram.
Övladlarım, 2024-cü ilin 6 dekabr axşamı sizə yaşatdığım acılara görə məni bağışlayın. Ancaq nənənizin və sizin göz yaşlarınızı bağışlamayacam. Əminəm ki, bu göz yaşlarımız nə zamansa sevinc göz yaşlarına çevriləcək. Lakin elə şeylər var ki, onları unutmayacam. Sadalayıram, məni evə gətirəndə əməliyyatçılardan yaşlı anama və uşaqların imtahanlara hazırlaşdıqlarına görə maskalarını çıxartmalarını xahiş etsəm də, rədd etdilər. O cümlədən, vəkilimin dəvət edilməsini də. Cavab belə oldu ki, xüsusi əməliyyat zamanı vəkillər iştirak etmir. Aman Tanrım, xüsusi əməliyyat, heyrətlənirəm, Azərbaycanda müstəqil jurnalistlərə qarşı illərdir xüsusi əməliyyat dayanmayıb. Elmar Hüseynovun qətli, Bahəddin Həziyevin vəhşicəsinə döyülməsi, saytlara blok qoyulması… daha nələr-nələr.
İkinci, əməliyyatçıların ananızdan qızıl-zinət əşyalarının yerini soruşması, hələ də o sual qulaqlarımda səslənir. Cavab yerində idi – nişan üzüyündən başqa heç nə yoxdur, nənəniz də sırğasını göstərdi. Bax, budur hakimiyyətin milli-mənəvi dəyərləri, bravo!
Üçüncü, məndən seyfimin olub-olmadığını sual etdilər, gülünc idi, 30 ildir jurnalistikadayam, amma bir dəfə də seyf barədə düşünmədim. Məmur yaxud iş adamı deyiləm ki…
Nəhayət, həmin gün ən böyük itkim illərlə topladığım arxivimin müsadirəsi oldu. Hard-diskimdəki fəlsəfi-tarixi kitablar, konspekt formasında yazılar və ailə şəkillərimiz… Vəkilimin dediyinə görə hamısı məhv edilib. Bilirsiniz ki, polislər 2 noutbukumu, telefonumu, 2 diktafonumu, flaşkartımı və hard-diskimi apardılar. Sonuncuda ustadım Asif Atanın kitabları, esseləri, müsahibələri, izharları, başqa filosof və tarixçilərin, digər elm sahələri üzrə alimlərin məqalələri, kitabları yer almışdı. Bütün bunlar illərin zəhmətinin nəticəsi idi. Baş verənlər mənə ötən əsrin 30-cu illərində NKVD-nin Azərbaycan alimi Salman Mümtazın həbsi zamanı müsadirə etdiyi qədim əlyazmaların müdhiş aqibətini xatırlatdı. Həmin əlyazmalar sonradan NKVD-nin dəhlizlərinin təmiri zamanı ustaların ayaqları altında məhv edildi. Yaxud NKVD-nin xələfi DTK-nın Asif Atanın gündəliklərinin və yazılarının müsadirəsi oxşar aqibət idi. Mənim də arxivimin DİN-də məhv edilməsi həmin siyasətin davamıdır.
Axı bu insanlar hardan bilsinlər fəlsəfə, tarix, ədəbiyyat aşiqliyi nə deməkdir?! Onlar üçün hakimiyyət, vəzifə hərisliyi hər şeydən üstündür.
Təəssüf, min təəssüf ki, bir daha o arxivi toplaya bilməyəcəm və bu ağrı ömrümün sonuna qədər məni izləyəcək.
Uşaqlar, sizin tez-tez mənə “onsuz da Azərbaycan cəmiyyəti azad söz, fikir müxtəlifliyinin mənasını hələ dərk etmir, əgər dərk etsəydi, həbsinizə bu qədər susqun olmazdılar” söyləmənizi qəbul etmədiyimi bilirsiniz. Məsələ heç də cəmiyyətin, xalqın nəyi qəbul edib-etməyində deyil. Xalq, cəmiyyət Nəsiminin dərisinin soyulmasına, Yan Qusun yandırılmasına sükutla tamaşa edir, hələ odun alovlanmasına köz də atır. Yaxud xalqı təhsil almaq çağırışına görə məscidin qapısında işgəncə ilə öldürülən Seyid Əzimi tanımaz. Nəhayət, xalq Azərbaycan istiqlal sevdalıları Rəsulzadələrin, Xoyskilərin, Yusifbəylilərin, Topçubaşovların qətllərindən, mühacirətdə vətən-vətən deyə çalışaraq gözlərini əbədi yummalarından xəbərsiz də bilər. Halbuki, xalqı onlar ifadə edir. Çünki xalqın vicdanı onlardır və bu insanlar vicdanlarının dinləyiciləridir. Şərt o deyil ki, xalq sənin etdiklərini bilməlidir. Əksinə, şərt sənin ardıcıl, aramsız və usanmadan çalışmağındır. Bütün bunlar vicdanın zülmət əsarətinə düşməməsi üçün gərəkdir.
Sən tarixi içində yarat və o tarixlə yaşa!
Övladlarım, mən də hökumətyönlü mediada işləyə bilərdim. Ancaq o zaman müqəvvaya çevrilməli, öz mahiyyətimə yadlaşmalıydım, yəni vicdanıma! Bu yadlaşma məni əks-sədaya, nəticədə mənəvi köləliyə məruz qoyacaqdı. İnsanın bədbəxtliyi başqasının qarşısında əyilməklə başlamır, əksinə, özünün vicdansızlığına, yalanına, yaltaqlığına və riyakarlığına təslim olanda bədbəxt olursan. Ona görə də dünyada ən çətin əməl vicdanınla üz-üzə qalmaqdır. Ağır suallar o zaman başlanır, bax, burada səmimi olmaq əzabına qatlaşmalısan.
Bu gün Azərbaycan doludur “intellektual” kölələrlə, hər gün onların səsini eşidir, üzünü görürük. Savadlı olmaq vacibdir, amma oxuduqların üzərində düşünməyib, onların mənasına çatmayacaqsansa, savadın məlumat səviyyəsində qalacaq, dərinləşməyəcək. Belələri üçün ədalət nədir, azadlıq nədir sualları çox qorxuludur.
Övladlarım, mən vicdanımın səsini dinləyib yaşamaq istəyirəm, çünki bir dəfə gəlirik dünyaya. Ağır və acılarla dolu olsa da, fərəhlidir. Mənim də fərəh yüküm bundan ibarətdir.
Sizi sevirəm uşaqlar! Oxuyun, öyrənin, dərk edin dünyanı, hədəfiniz ləyaqətli ömür olsun. Onda siz də sevəcəksiniz insanları.
Yükünüzdən böyük fərəhiniz yoxdur!
Natiq Cavadlı. Kürdəxanı, 5 mart, 2026-cı il