Prezidentin 19 mart tarixli fərmanı ilə dövlət orqanlarının rəhbər işçilərinin maaşlarının artırılması cəmiyyətdə birmənalı qarşılanmayıb. Fərmana əsasən, baş nazir, nazirlər, komitə sədrləri və onların müavinlərinin maaşı 60-80 faiz, yerli icra hakimiyyəti başçılarının maaşı isə iki dəfəyə yaxın artırılıb. Baş prokurorun əməkhaqqı dörd dəfə yüksəldilib.
Belə ki, baş nazirin maaşı 17160 manat, onun birinci müavininin maaşı 15950 manat, digər müavinlərin maaşı isə 14850 manat səviyyəsində müəyyən edilib. Nazirlərin maaşı 13750 manata, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı isə 13200 manata çatdırılıb. Nazirlərin birinci müavinləri 12650 manat, digər müavinlər isə 12100 manat alacaqlar.
Fərmanla yerli icra hakimiyyətlərinin rəhbərlərinin aylıq vəzifə maaşları Bakı şəhəri üzrə 13200 manat, Gəncə və Sumqayıt şəhərləri 9900 manat, digər şəhər və rayonlarda isə 8800 manat təşkil edəcək.
Milli Məclisinin sədri Sahibə Qafarovanın aylıq vəzifə maaşı isə 3550 manatdan 17000 manata yüksəlib.
Qeyd edək ki, yüksək vəzifəli şəxslərin maaş artımı ictimaiyyət tərəfindən geniş müzakirəyə səbəb olub. Ölkədə minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı 1100 manat təşkil edir və 2026-cı ildə bu istiqamətdə heç bir əhəmiyyətli artım baş verməyib. Halbuki inflyasiya fonunda vətəndaşların real gəlirlərində artım gözlənildiyi halda, rəhbər işçilərinin maaşlarının dəfələrlə artırılması cəmiyyətin gəlir bölgüsündə qütbləşmənin daha da dərinləşməsinə səbəb olub.
Bəs ölkədə minimum əməkhaqqının 400 manat olması fonunda yüksək vəzifəli məmurların maaşının bundan on dəfələrlə çox olması nə dərəcədə ədalətlidir?
“Bir deputatın bir günlük gəliri adi vətəndaşın bir aylıq maaşından çox olur”
AXCP funksioneri, hüquqşünas Murad Sultanlı Meydan TV-yə şərhində bildirir ki, son qərar maliyyə, iqtisadi qanunvericiliyinə ziddir:
“Çünki heç bir qanunvericilikdə, heç bir səbəblə maaşların müəyyən bir kateqoriya üzrə dəfələrlə artırılması anlayışı yoxdur. Maaşlar prosedur qaydalara uyğun ya inflyasiyaya görə indeksləşdirilə bilər, ya da ayrı-ayrı ünvanlı şəxslərə üstün xidmətlərinə görə xüsusi yanaşma tətbiq edilə bilər. Yəni xüsusi hallarda kiməsə ayrıca münasibət göstərmək mümkündür. Amma bu, kəskin artım anlamına gəlmir və buna əsas verə bilməz. Belə bir şey yoxdur və ola da bilməz.
İndiki halda məmurlar, icra hakimiyyətləri, nazirliklər və parlament üzvləri ilə bağlı qəbul edilən qərar birmənalı olaraq mərkəzdən qaçmanı cilovlamaq üçün verilmiş bir qərardır. Yəni bunun iqtisadi, maliyyə və sosial əsası yoxdur”.
Hüquqşünasın sözlərinə görə, son qərar idarəetmə aparatında aparılan islahatların nəticəsi ola bilər:
“Əslində islahat da deyil, ixtisarların nəticəsi olaraq həmin pulu birləşdirib bir nəfərə verirlər. Əgər bir icra hakimiyyətində 40 nəfər işdən çıxarılırsa, həmin bu vəsaitin bir hissəsi, məsələn, 20 nəfərin maaşını bir nəfərə verirlər. Daha dəqiq desək, elektronlaşdırırlar ki, nəzarət etmək mümkün olsun. Ona görə də, burada heç bir hüquqi, ədalət anlayışı ola bilməz. Çünki 10 min manat maaş alan bir deputatın maaşı minimum əməkhaqqı 400 manat olan bir ölkədə ədalətli hesab oluna bilməz. Bu o deməkdir ki, bir deputatın bir günlük gəliri adi vətəndaşın bir aylıq maaşından çoxdur. Deputatın təqribən gününə 550 manat maaş düşür. Minimum əməkhaqqını 1 gündə alan deputat, məmur heç bir ölkədə ola bilməz. Belə bir praktika yoxdur və bu absurddur. Nəinki ədalət anlayışında, heç hüquqi anlayışda da yoxdur. Bu, tam olaraq siyasi bir qərardır”.
M.Sultanlının fikrincə, burada məqsəd köhnə kadrların uzaqlaşdırılması ilə daxildə yaranan narazılıqları yatırmaqdır:
“Təbii ki, bununla da kifayətlənməyəcəklər. Həmin məmurların əvvəlki gəlirləri də qalır. Sirr deyil ki, onların hamısının biznesi var, əlavə qazanc yerləri mövcuddur”.
Murad Sultanlı qeyd edir ki, vəzifəli şəxslərin maaşı ilə vətəndaşların maaşı arasında tam bir gəlir bərabərsizliyi yaranıb:
“Məsələn, 10-15 min, hətta 17 min manat maaş alan məmurla minimum əməkhaqqı alan vətəndaşın gəlirini toplayıb, sonra bölüb deyəcəklər ki, 2026-cı ildə orta aylıq əməkhaqqı 500 manatdan 1500 manata qalxıb. Bu riyakarlıqdır, saxtakarlıqdır.
Dünya Bankının da hesabatı var ki, Azərbaycanda gəlirlərin böyük hissəsi kiçik bir zümrənin əlindədir. Hələ Dünya Bankının Azərbaycanla bağlı məlumatları da çox sağlam deyil. Buna baxmayaraq, həmin hesabatlarda belə qeyd olunur ki, gəlir bərabərsizliyi böyükdür”.
Mükafatlar və əlavə ödənişlər hansı qanun əsasında vahid əməkhaqqına daxil edilir?
Yeri gəlmişkən, prezidentin 19 mart tarixli fərmanlarından aydın olur ki, vəzifəli şəxslərin maaşlarının bir neçə dəfə artırılmasının əsas səbəbi indiyədək aldıqları əlavələrin, mükafatların və digər ödənişlərin aylıq vəzifə maaşına daxil edilməsidir. Belə aydın olur ki, dövlət qurumlarında mükafat və əlavə ödənişlərin verilməsi sisteminin dayandırılması rəsmi olaraq reallaşdırılır.
Bir müddət əvvəl mediada “Dövlət qulluğu haqqında” qanuna ediləcək dəyişikliklə mükafat sisteminin, müxtəlif əlavələrin, eləcə də dövlət qulluqçuları üçün nəzərdə tutulan müalicə müavinətlərinin ləğv ediləcəyi qeyd olunurdu. Hökumətyönlü mediada yer alan şərhlərdən də aydın olur ki, mövcud sistemdə dövlət qulluqçularının əməkhaqları qeyri-şəffaf xarakter daşıyır və onların ümumi gəlirinin cəmi 35-45 faizi rəsmi əməkhaqqının payına düşür. Qalan hissə isə mükafatlar və müxtəlif əlavə ödənişlər hesabına formalaşır ki, bu da vergidən yayınma və korrupsiya üçün geniş imkanlar yaradır. Hətta Hesablama Palatasının büdcə xərcləri ilə bağlı audit hesabatlarında dövlət qurumlarında tətbiq edilən mükafat sisteminin geniş korrupsiya riskləri yaratdığı da qeyd olunur.
Lakin hazırda bu istiqamətdə nəzərdə tutulan dəyişikliklər yalnız yeni qanun layihəsinə edilən təkliflər səviyyəsindədir və rəsmi olaraq qəbul edilməyib. Bu baxımdan, prezident fərmanlarında mükafat və əlavə ödənişlərin hansı qanuni əsasla vahid vəzifə maaşına daxil edildiyi sual doğurur və hüquqi boşluq yaradır.
Hüquqşünas Murad Sultanlı bildirir ki, mükafatların və digər ona bənzər ödəmələrin verilməsi Əmək Məcəlləsi ilə tənzimlənir və onların hər hansı bir fərmanla ləğvi qanunsuzdur:
“Əmək qanunvericiliyi işçilərə əmək fəaliyyəti dövründəki xidmətləri qarşılığında mükafatlar və yaxud da əlavə ödənişlər nəzərdə tutur. Yəni öncə həmin qanunvericilik dəyişməlidir. Hansısa kadr əmək fəaliyyəti müddətində mükafatı haqq edən bir iş görübsə, onu bu ödənişdən məhrum etmək Əmək Məcəlləsinə ziddir. Belə bir fərman verməklə qanunu yox saymaq olmaz. Öncə qanunvericilik dəyişməlidir. Yəni sistemli yanaşma olmalıdır. Bu, sistemli yanaşma deyil. Tutaq ki, bir işçi ezamiyyətə gedib, orada çox uğurlu bir iş görüb və ona mükafat düşür. İndi isə bu mükafatlar ləğv olunur, amma əmək qanunvericiliyində qalır. Çox paradoksal bir yanaşma yaranır ki, bu da idarəetmənin fəlsəfəsinə ziddir. Əslində, fərmanda göstərilməli idi ki, hansı qanunvericiliyin filan maddələrinə əsasən ləğv edilir və ya qüvvədən düşmüş hesab olunur. Sistemli yanaşmanın olmaması göstərir ki, problemin həllinə primitiv yanaşırlar. Belə qərarların altı qanunvericilik baxımından doldurulmur”.
Hüquqşünas onu da istisna etmir ki, mövcud mükafatlandırma sistemi korrupsiya mənbəyidir. Onun sözlərinə görə, artıq hansısa idarə və qurum rəhbərinin müstəqil, avtonom şəkildə əlavə ödəmə etməsinin qarşısını alırlar:
“Mükafatlar əlavə maliyyə yükü yaradır və buna nəzarət etmək olmur. Nazirliklər, idarələr bunu gizlədirlər. Yekun auditdə böyük əskikliklər, disbalanslar ortaya çıxır. Sonra qurum rəhbərləri müxtəlif yollarla bunu əsaslandırmağa çalışırlar. Əlbəttə, bu mükafatları heç də işçiləri düşündükləri üçün vermirlər, həmin vəsaitin bir hissəsini mənimsəyirlər. Korrupsiyanı, pul silmələri önləmək üçün yeni qaydalar tətbiq edirlər”.