Gündəlik Naxçıvan səhifəsinin yaydığı məlumata görə, Naxçıvan Hava Limanının rəsmilərinə qarşı cinayət işi başlanılıb, bilet satışına cavabdeh olan 4 əməkdaş isə saxlanılıb. İşin üstünün açılmasına səbəb İlham Əliyevin köməkçisi Anar Ələkbərovun xalasına 60 manatlıq biletin 200 manata satılması olub.
Hadisə təxminən bir həftə əvvəl baş verib. Qadın Naxçıvandan Bakıya uçmaq istəyərkən hava limanının kassirləri onu tanımayıb və mövcud tariflə qiyməti üç dəfədən çox artırıb. 60 manatlıq bilet ona 200 manata satılıb. Bundan sonra Nəqliyyat Nazirliyi hava limanında gizli yoxlamalara başlayıb.
Mənbənin verdiyi məlumata görə, yoxlamalar zamanı təkcə bilet satışı xəttində 2 milyon 135 min manatlıq yeyinti aşkar edilib. Araşdırmalar davam etdikcə bu rəqəmin daha da arta biləcəyi bildirilir.
“Kassirlərin kartları yoxlanılanda məlum olub ki, müxtəlif vətəndaşlardan 60 manatlıq biletlərə görə 90, 110, hətta 250 manatadək ödənişlər daxil olub”, – deyə mənbə qeyd edir.
Saxlanılanlar arasında bilet satışı üzrə məsul şəxs Ramin Babayev və daha 3 nəfər var. Onlardan ikisi barəsində Naxçıvandan çıxış qadağası tətbiq edilib. Mənbənin sözlərinə görə, aviakassanın direktoru Salman Məmmədlinin aylıq payı 13 min manat olub.
Hava Limanının direktoru və aviakassanın rəhbərləri də istintaqa çağırılıb, onlardan izahat alınıb. Hələlik heç biri həbs edilməyib, lakin onların da bu işdə əli olduğu və yaxın vaxtlarda həbs olunacaqları deyilir.
Rəsmi qurumlar hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Meydan TV hava limanından cavabsız suallar aldı
Meydan TV olaraq məsələni araşdırmaq üçün Naxçıvan Hava Limanı ilə əlaqə saxladıq. Qurumun əməkdaşı bizə bildirdi ki, bu barədə heç bir məlumat verə bilməz, ixtiyarı yoxdur.
Mətbuat xidmətinin nömrəsini də verməkdən imtina edən əməkdaş suallarımızdan yayındı və dəstəyi yerə qoydu.
Bu addım hava limanı rəhbərliyinin ictimaiyyətdən nəyi gizlətməyə çalışdığı ilə bağlı sualları daha da artırır.
Meydan TV məsələnin araşdırılmasını və rəsmi açıqlamaların verilməsini tələb edir.
Meydan TV məsələ ilə bağlı araşdırma aparıldığı və rəsmi açıqlama verildiyi halda, həmin məlumatları dərc etməyə hazırdır.