İran növbəti dəfə Türkiyəyə raket atıb.
Ölkənin Milli Müdafiə Nazirliyinin (MSB) açıqlamasında deyilir ki, Adanadakı İncirlik Hava Bazasına atılan raket NATO tərəfindən məhv edilib.
“İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib”, – Nazirliyin məlumatında deyilir.
NATO bildirib ki, bu, son 10 gün ərzində Türkiyənin hava sahəsində məhv edilən üçüncü raketdir. İran daha öncə deyib ki, Türkiyəyə raket atmayıb. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan isə deyib ki, “səmimi xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin dostluğuna xələl gətirəcək son dərəcə səhv və təxribatçı addımlar atılır”.
Bu arada, Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə raket atılmasını pisləyən bəyanat yayıb.
“Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik”, – Nazirlik bildirib.
2026-cı il fevralın 28-də İsrail və ABŞ koordinasiyalı hərbi əməliyyatlar keçirərək İranın bir sıra hərbi obyektlərini bombalayıb və ali lider Əli Xamenei də daxil olmaqla yüksək səviyyəli rəsmilər öldürülüb. Əsas səbəb isə İranın nüvə proqramı, regional təsiri və ABŞ-İsrail maraqlarına təhlükə yaratması olub. İran buna cavab olaraq İsraillə ABŞ‑nin bölgədəki bazalarına və müttəfiq ölkələrə ballistik raket və dronlarla hücumlar edir.
İranın atdığı raketlər və dronlar Fars körfəzi, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qatar, BƏƏ və daha geniş regionda müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir, bəzən isə bəzi ölkələrin ərazilərində də zərər və xəsarətlərə səbəb olur. Belə raketlərdən 4-ü martın 5-də Naxçıvan Muxtar Respublikasına atılıb. Nəticədə 4 nəfər xəsarət alıb. Azərbaycan tərəfi bunu “terror” adlandırıb. İran rəsmiləri Azərbaycanı hədəf almadıqlarını bildiriblər.
Baş verən proseslər fonunda dünya bazarlarında enerji qiymətləri getdikcə yüksəlir, çünki strateji neft marşrutları və körfəz təhlükədədir. Avropa İttifaqı və BMT bəyanatlar verərək vəziyyəti qınayır və artan gərginlik barədə narahatlıq ifadə edir.