İlham Əliyev: “Naxçıvana edilən terror aktı cavabsız qalmayacaq”

Foto: presiden.az

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Naxçıvana qarşı edilən hücuma münasibət bildirib. Prezident çıxışında bu hücumu birbaşa “terror aktı” adlandırıb:

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

İlk dəfə deyil…

Prezident xatırladıb ki, bu, ilk belə hücum deyil. O, buna misal olaraq Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş əvvəlki silahlı hücumu yada salıb:

“Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb”.

O, bildirib ki, bu hadisəni törədənin İran dövləti olduğuna şübhə yoxdur.

“O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir”.

Prezident bildirib ki, Azərbaycan həmin hadisəyə sərt reaksiya verib və diplomatik əlaqələri dayandırıb:

“Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi”.

Barışmayacağıq…

İlham Əliyev vurğulayıb ki, bu dəfə də cavab tədbirləri görüləcək:

“Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”.

O, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacağını qeyd edib:

“Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik”.

“Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”

O, həmçinin İranın dövlət mediasının Azərbaycan haqqında şər-böhtan kampaniyalarını sərt tənqid edib və bildirib ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilir:

“Keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”.

Prezident vurğulayıb ki, Azərbaycan hər hansı təcavüzə qarşı hazırdır:

“Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir”.

“Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar”

Prezident həmçinin diplomatik addımları qeyd edib:

“Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı ‘Dəmir yumruq’ vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi”.

Prezident əlavə edib ki, Azərbaycan İranın yardım istəyini həyata keçirib:

“Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?”

“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək”,– İlham Əliyev belə deyib.

“Silahlı Qüvvələr istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”

Prezident həm hərbi, həm sərhəd tədbirlərinin görülməsini də açıqlayıb:

“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.

“Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim ‘Dəmir yumruğ’umuzu görəcək”, – İlham Əliyev belə deyib.

Bu gün İran ərazisindən Naxçıvana dron hücumları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi məlumata görə, dronlardan biri hava limanına, digərləri isə digər mülki obyektlərə yönəlib, hücumun cavabsız qalmayacağı vurğulanıb. İranın bu hücumlara izahat verməsini tələb edilib.

Eyni zamanda, İran tərəfi, həm xarici işlər nazirinin müavini Kazem Qaribabadi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini, İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.

Ana səhifəSiyasətİlham Əliyev: “Naxçıvana edilən terror aktı cavabsız qalmayacaq”