“Meydan TV işi” üzrə hazırda həbsdə olan və aclıq edən jurnalist Nurlan Libre (Qəhrəmanlı) 29 yaşını həbsxanada qeyd edir. Ad günü ilə bağlı saxlandığı təcridxanadan yazdığı məktubu olduğu kimi təqdim edirik:
Bu gün mənim doğum günümdür. Artıq ikinci ad günümdür ki, zindanda qeyd edirəm. İnsan həbsxanada keçirdiyi hər gün yaşlandığını hiss edir. Artıq saçlarım da ağarmağa başlayıb.
Ağ tük tapdım arasından saçımın,
Qoparmadım, saxlamışam çoxalsın.
Otuz ildə cavan qalıb neylədim?!
Canı çıxsın saçlarımın, çoxalsın.
Günel Mövlud
Xanım Mövludun “Otuz yaşın şeiri” əsərini ilk dəfə oxuyanda düşünürdüm ki, mənim də saçım 30 yaşımdan sonra ağarmağa başlayar. Təəssüf ki, 29 yaşımda ağardı. Elə zənn edirəm ki, vaxtından əvvəl yaşlanıram. Belə getsə 30 yaşımı da qara zindanda qeyd edəcəm.
Zindana “qara” deməyimin tək səbəbi buranın betondan və tikanlı məftildən ibarət olmağı deyil. Burada insanın ruhu da qaranlığa təslim olur. Məni tanıyanlar bilir ki, ən çətin məqamlarda belə pozitiv əhval-ruhiyyəmi qorumağı bacaran biri olsam da burada keçirdiyim bir ildə artıq gülməyi belə unutmuşam. Gülmək inqilabi hərəkətdir. İnsan gülməyi unutmadıqca mübarizə aparmağa davam edir. İnsan sevdiklərindən ayrı keçirdiyi hər doğum gününü ömründən xərclənilmiş boş zaman kimi hiss edir. Həbsdə olduğum bu dövr ərzində neçə əzizimin doğum gününü qaçırmışam, heç özüm də xatırlamıram. Əslində, xatırlamamaq yaxşıdır. İnsan unutduqca iztirabları da azalır. Ən çətini övladımın doğum günündə yanında olmamağım idi. Yoldaşıma tapşırmışdım ki, ona mənim adımdan pultlu maşın alarsan, amma gizlin gətir, elə bilsin mən almışam. Özümü çox çarəsiz hiss edirdim. Öz övladına hədiyyə almağı bacarmayan ata ontoloji olaraq nəyə lazımdır?!
Son dövrlər özümü çox sentimental hiss edirəm. Bəlkə də bunun səbəbi zindanda qaldıqca özümdən və əzizlərimdən getdikcə uzaqlaşmağımdır. Yunan mifologiyasında “Teseyin gəmisi” adlı bir hekayə var. Hekayənin qəhrəmanı Tesey adlı sərkərdənin gəmisidir. Bu gəmi ilk yarandığı gündən etibarən getdikcə hissə-hissə yenilənməyə başlayır. Onlarla savaşdan sağ çıxmış bu gəmi o qədər təmir edilir ki, ilkin halından əsər-əlamət belə qalmır. Lakin insanlar ona Teseyin gəmisi deməyə davam edirlər. Bu hekayədə filosofları düşündürən əsas sual bundan ibarətdir ki, ilkin formasından tamamilə fərqlənən bu yeni gəmiyə yenə də “Teseyin gəmisi” deməyə davam etməliyikmi yoxsa yeni ad verməliyik? Bu sual məni də olduqca düşündürür. Kürdəxanıya gəldiyim ilk gün kimsə mənə desəydi ki, “sən burada olduğun müddətdə ağzını tikəcəksən, özünə ülgüclə xəsarət yetirəcəksən”, “48 gün aclıq aksiyası keçirəcəksən”, cavabında deyərdim ki, “mənim qədər həyatı sevən insan yoxdur, heç vaxt etmərəm”. Son bir ildə o qədər dəyişmişəm ki, buradan nə zamansa çıxanda əvvəlki Nurlandan əsər-əlamət qalacaqmı, heç bilmirəm. Həyatımı bir şeirlə ifadə etməli olsam, Salam Sarvanın “Darıxma, düzəlməyəcək” şeirini seçərdim.
Nə qalan kimi qalıram,
nə gedirəm, gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.
Deyəsən, dəli oluram,
qılan yox əlac başıma:
gövdəsindən dırmaşıram
yıxılmış ağac başına .
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!
İnsanın həyata olan nikbinliyini yavaş-yavaş itirməsi tragediyadır. Zindanda insanın haqsız yerə olduğunu bilməsi fikri onu yavaş-yavaş yeyir. Burada hər gün bir uçuruma baxırsan. Ən dəhşətlisi də odur ki, artıq uçurum da sənə baxmağa başlasın. Burada publisistik yazılar yazıram ki, yaşadığımı, mübarizə apardığımı hiss edim. Yazdıqlarımı redaktorumdan başqa bəlkə də heç kim oxumur. Amma yazmağa davam edirəm. Bir gün kitab halına salmaq ümidilə…
Kitab halına salmağa dəyəcək həyat yaşamağı bacaran çox az adam var bu dünyada. Geriyə dönüb baxanda ömrümün ilk yarısını boşuna keçirmədiyimi görürəm. Həbsxananın mənə qazandırdığı yeganə müsbət vərdiş yazmağa başlamağımdır. Son dövrlər digital dünyanın sürətlənməyi ilə yazmağı və oxumağı yadırğamışıq. Bunu tənqid kimi demirəm. İnsan təkamülünün nəticəsi olaraq artıq yazmağa ehtiyacımız qalmır.
Burada qaldıqca unudulduğunu hiss etməyə başlayırsan. Artıq heç kim səni itirib axtarmır. Yavaş-yavaş əzizlərin yoxluğuna öyrəşməyə başlaylar. Amma sən heç cürə təkliyə öyrəşmirsən. Həyatın monotonluğunu qırmaq çətindir. Sanki hər gün eyni sabaha oyanırsan. Məhkəmədə dostlarımı görəndə yaşamaq sevincim yenidən canlanır. Təəssüf ki, bu sevinc də çox uzun çəkmir.
Aclıq aksiyası etdiyimi nəzərə alsaq, bu il ad günü tortumu yeyə bilməyəcəm. İnsanın öz doğum günündə tortdan məhrum qalmağı tragik səslənir. Aclıq aksiyası həbsxanada öz iradənlə edə biləcəyin yeganə aktdır. Burada kameradan belə icazə almadan çıxmaq olmur. Sanki betondan tabutun içində yaşayıram. Həyatım bir otaqdan çıxıb başqa otaqda zəncirlənməkdən ibarətdir. Hər nə olsa da bu gün mənim doğum günümdür. Gərək heç olmasa bu gün neqativ duyğulardan kənar qalam. Hələ neçə doğum günümü sevdiklərimdən kənarda qeyd edəcəm, Allah bilir. O da bilməsə, İlham Əliyev dəqiq bilir.