ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar, ardınca Tehranın cavab zərbələri fonunda yaranan regional gərginlik neft və qazın qiymətlərində kəskin artıma səbəb olub.
Martın 2-si birjaların açılışından dərhal sonra Brent markalı neftin qiyməti 13,6 faiz artaraq 82,37 dollara çatıb. Gün ərzində qiymət 79,32 dollara qədər geriləsə də, bu göstərici ötən həftə ilə müqayisədə təxminən 9-10 faiz artım deməkdir.
Bahalaşmanın əsas səbəbi hazırda Hörmüz boğazında yaranmış vəziyyətdir. Dünyanın neft-qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir. İranın boğazı bağlaya biləcəyi ilə bağlı bəyanatlardan sonra tankerlərin hərəkətliliyi məhdudlaşıb, bir çox gəmilər limanlarda lövbər salıb. Analitiklər xəbərdarlıq edirlər ki, münaqişə uzanarsa və boğaz tam bağlanarsa, neftin qiyməti 100 dollara və daha yuxarı səviyyəyə qalxa bilər.
Digər tərəfdən “Qatar Energy” şirkəti İranın “Ras Laffan” və “Mesaied” qaz emalı obyektlərinə hücumlar səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandıracağını elan etdikdən sonra qlobal bazarda təbii qazın qiymətləri də kəskin artıb. Hazırda birjalarda təbii qazın qiyməti təxminən 50 faiz bahalaşaraq 1000 kubmetr üçün 550 dollara yaxınlaşıb.
“Reuters” yazır ki, münaqişə həftələrlə davam edə bilər. Bu isə qlobal iqtisadi bərpanı poza, hətta inflyasiyanı yenidən sürətləndirə bilər.
Agentliyin ekspertləri qeyd edirlər ki, OPEC+ ölkələrinin bazar günü qəbul etdiyi qərara əsasən, aprel ayından etibarən xam neft hasilatının gündəlik 206 min barel artırılması planlaşdırılır. Lakin bu artım qlobal neft tələbatının cəmi 0,2 faizi həcmindədir və Yaxın Şərqdə genişlənən münaqişə fonunda daha çox simvolik addım kimi qiymətləndirilir.
“Gündə təxminən 20 milyon barel xam və emal olunmuş məhsulun daşındığı Hörmüz boğazı faktiki olaraq qismən iflic vəziyyətindədir. Gəmi sahibləri və sığortaçılar genişmiqyaslı münaqişə şəraitində riskə getmək istəmirlər”, – analitik Klude Rassel bildirir:
Eskpert qeyd edir ki, təchizatla bağlı bəzi riskləri azalda biləcək amillər də mövcuddur. Bunlardan biri, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin yaxın aylarda xam neft idxalını azaltmasıdır. LSEG Oil-in məlumatına görə, yanvarda Çinin gündəlik neft idxalı 11,61 milyon barel, fevralda isə 13,42 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəlki rekord göstəricini üstələyir. Lakin qiymət artımı fonunda may-iyun aylarında idxalın gündəlik 2 milyon barelədək azalacağı ehtimal olunur.
Habelə, Asiyanın ikinci ən böyük xam neft idxalçısı olan Hindistan ABŞ prezidenti Donald Tramp ilə Rusiyadan idxalı azaltmaq barədə razılığa gəlsə də, yenidən Rusiya neftinin alınmasına üstünlük verə bilər. Ekspertin fikrincə, Hindistan üçün təchizat təhlükəsizliyi siyasi razılaşmalardan daha prioritetdir.
Hörmüz boğazı dünya iqtisadiyyatının “xirtdəyi” deyil, amma…
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, bazarlar ilkin mərhələdə emosional reaksiya verir:
“Birjalar açılan kimi qiymətlər 82,37 dollara yüksəldi, daha sonra müəyyən qədər gerilədi. Hazırda Hörmüzdən daşınmaların 40-50 faiz azalması müşahidə edilir. Bir çox gəmilər Oman sahillərində gözləmə mövqeyi tutub. Lakin boğaz tam bağlanmayıb və daşımalar davam edir. Təxminən 10 faizlik artım bazarın qiymətləndirdiyi risklərə adekvatdır.”
Ekspert əlavə edir ki, proseslərin gələcək inkişafı münaqişənin müddətindən asılı olacaq:
“Hörmüz boğazı dünya iqtisadiyyatının “xirtdəyi” deyil. Dünya xam neft tələbatının təxminən 15 faizi, neft məhsullarının isə 5 faizi bu marşrutdan keçir. Daha həssas məsələ Qətərin LNG ixracıdır. Gündəlik təxminən 300 milyon kubmetr qaz bu boğazdan keçərək Cənub-Şərqi Asiya ölkələrinə çatdırılır”.
İ.Şaban bildirir ki, Hörmüzə alternativ marşrutlar da mövcuddur:
“Səudiyyə Ərəbistanının neft ixracını Qırmızı dəniz üzərindən həyata keçirməyə imkan verən Şərq–Qərb Boru Kəmərinin ötürücülük gücü gündə 5 milyon bareldir ki, bu da Hörmüzdən daşınan həcmin təxminən 25 faizinə bərabərdir. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Hind okeanına çıxışı olan və gündə 1,8 milyon barel ötürücülük gücünə malik boru kəməri mövcuddur. Beləliklə, boğaz qısa müddətə tam bağlansa belə, Körfəz ölkələri gündəlik təxminən 7 milyon barelədək nefti alternativ yollarla bazara çıxara bilər. Amma istənilən halda Hörmüz ətrafında baş verən hadisələr dünya bazarına təsirini göstərir. Ötən həftə neftin bir bareli 72 dollar idi, hazırda isə qiymət 79 dollara qədər yüksəlib. Lakin heç kim bu prosesin nə qədər davam edəcəyini dəqiq proqnozlaşdıra bilmir”.
İlham Şaban qeyd edir ki, qaz bazarındakı qiymət artımı isə yalnız birbaşa təchizat şokunu deyil, həm də fundamental qeyri-müəyyənliyi və təchizatda əlavə fasilələrin yaranması ilə bağlı qorxuları əks etdirir:
“Bazar iştirakçılarına tədarükləri tənzimləmək və qlobal təchizatın sabitliyinə inamı bərpa etmək üçün zaman lazımdır. Bu səbəbdən qaz qiymətləri qarşıdakı həftələrdə də yüksək səviyyədə qala bilər.
Qiymət dəyişkənliyinin davametmə müddəti Qətərin LNG sisteminin tam istehsal gücünə çatıb-çatmayacağından, regiondakı geosiyasi vəziyyətdən və Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcək qaz tankerlərinin sayından asılı olacaq”.
Azərbaycana yük daşımalarında risklər yarana bilər
İran müharibəsinin Azərbaycana təsirlərinə gəlincə, ekspertlərin fikrincə, neft və qaz qiymətlərinin artması qısamüddətli perspektivdə müsbət təsir göstərə, büdcəyə daxilolmalar və valyuta axını arta bilər.
Lakin logistika baxımından risklər mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Çindən gələn yüklərin mühüm hissəsi İranın Bəndər-Abbas limanı üzərindən Azərbaycana çatdırılır. Bundan əlavə, Azərbaycan İrandan bir sıra əsas istehlak məhsulları idxal edir. Müharibə uzanarsa, daşımalar çətinləşə və ucuz istehlak məhsullarının əlçatanlığı azala bilər.
Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə sosial media hesabında yazır ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollar olub:
“Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb”.
Onun sözlərinə görə, İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq:
“İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominant olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.
Millət vəkili vurğulayıb ki, əgər İranın ixrac imkanları daha uzun müddət məhdudlaşarsa, o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər:
“İrandan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var”.