Dövlət milli maraqlara zidd investisiyaları ala bilər

Foto: Janusz Pienkowski/shutterstock

Azərbaycan dövlətinin mənafeyinə zərər vuran və milli maraqlarına zidd halların qarşısını almaq məqsədilə investisiyalar dövlət tərəfindən alına bilər. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, investisiyalar iki halda – dövlət ehtiyacları (məsələn, yol və infrastruktur çəkilişi, boru xətlərinin inşası və s.) və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri naminə) dövlət tərəfindən geri alına bilər. Yeni dəyişikliklə bu hallara “strateji əhəmiyyətli investisiyalar” və “milli maraqlara zidd” anlayışları da əlavə edilir.

Eyni zamanda, təklif olunan dəyişikliyə əsasən, kompensasiya investisiya müqaviləsində nəzərdə tutulmuş qaydada ödəniləcək. Hər hansı müqavilə mövcud deyilsə və ya bu məsələ müqavilədə nəzərə alınmayıbsa, həmin halda ümumi qanunvericiliyin tələbləri tətbiq ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihənin təqdimatı zamanı bildirib ki, milli təhlükəsizlik iqtisadi təhlükəsizliklə sıx bağlıdır və yeni qanun layihəsi Azərbaycanda iqtisadi təhlükəsizlik sahəsində mühüm tədbirlərin görülməsi üçün hüquqi əsasların yaradılmasına xidmət edəcək.

Bəzi ekspertlərin fikrincə, Azərbaycan kimi müstəqil məhkəmə sistemi olmayan, yüksək  korrupsiyalaşmış və mülkiyyət hüquqlarının qorunması sahəsində problemlərin olduğu bir mühitdə bu dəyişikliklər sahibkarlar üçün müəyyən risklər yarada bilər. Belə ki, qanunvericiliyin ayrı-ayrı qrupların biznes və siyasi maraqları naminə sui-istifadə hallarına şərait yarada biləcəyi ilə bağlı narahatlıqlar dilə gətirilir. Məlumdur ki, Azərbaycanda vətəndaşların, sahibkarların və investorların əmlaklarının müxtəlif təzyiqlər və qanuna zidd üsullarla əllərindən alınması halları adi hala çevrilib. Cupidae Legum Təşəbbüsünün təsisçisi, hüquqşünas Səməd Rəhimli Meydan TV-yə şərhində bildirir ki, burada söhbət investorun yatırımlarının, bank və əmlak aktivlərinin dövlət tərəfindən məcburi qaydada alınmasından gedir. Yəni investor razı olmasa, dövlət məhkəməyə verərək ala və əvəzində kompensasiya ödəyə bilər.

S.Rəhimli qeyd edir ki, qanunun indiki formasında investisiyalar dövlət ehtiyacı yarandığı təqdirdə alına bilər:

“Amma yeni dəyişiklik təşəbbüsündə göstərilir ki, dövlət və xalqın mənafelərinə zərər vuran və milli maraqlara zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınması  da nəzərdə tutulur. Əvvəlcə, beynəlxalq təcrübədə belə halların olub-olmadığına baxaq. “Essential security interests in investment treaties” və ya “security exceptions” deyilən anlayışlar var. Yəni investisiya hüququnda belə bir istisna var. Ümumi olaraq dövlət xarici və yerli investorlardan investisiyalarını məcburi qaydada ala bilməz. Azərbaycanda bunun yeganə istisnası dövlət ehtiyacları idi. Dövlət ehtiyacları anlayışı Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda göstərilib. Beynəlxalq investisiya müqavilələrində müstəsna təhlükəsizlik və dövlətin maraqları ilə ziddiyyət təşkil etmək kimi ümumi bir qayda var. Bu baxımdan Azərbaycandakı qanun layihəsində investisiya hüququnda olan məsələlərdən fərqli bir məsələ olmadığı görünür. Ümumi qayda olaraq, milliləşdirilə və yaxud məcburi qaydada alına bilər. Təbii ki, məhkəməyə müraciət etmək hüququ da istisna edilmir. Orada göstərilir ki, alınma və ya milliləşdirmə Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir. Əgər 13-cü maddəyə baxsaq, xüsusilə də əlavə edilən 13.5-ci bəndə diqqət yetirsək, orada Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun nəzərdə tutulduğu görünür”.

Hüquqşünas bildirir ki, qanunvericilik aspektində problem görünməsə də, icra məsələsində ciddi sui-istifadə halları yarada bilər:

“Biz Azərbaycanda yaşayırıq və bu ölkədə praktikada hüququn aliliyi yoxdur. Nəticədə, neytral qanunlar praktikada problemli şəkildə tətbiq oluna bilir. Biznes fəaliyyəti ilə bağlı da təəssüf ki, indiyədək vəziyyət belədir. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanda yerli və xarici biznesmenlər qanundan kənar yollarla öz əmlaklarından və biznes maraqlarından məhrum ediliblər. Xüsusilə, Milli Təhlükəsizlik Nazirliyinin belə təcrübəsi var idi. Daha sonra həmin qurum ləğv olundu. Lakin bu cür təcrübənin “bandotdel” tərəfindən davam etdirilməsinə dair nümunələr var. İndiki vəziyyət necədir, bu barədə konkret söz deyə bilmərəm, amma ölkədə bu təcrübə uzun illərdir ki, mövcuddur”.

S.Rəhimli əlavə edir ki, Azərbaycanda biznes sahəsində qanunvericilik onsuz da kifayət qədər yüklənib və son dövrlərdə daha intensiv şəkildə tətbiq olunur:

“Əvvəlllər qanunlara göz yumulurdu və tam tətbiq edilmirdi. Amma Mikayıl Cabbarov iqtisadiyyat naziri olduğu dövrdə iqtisadi məsələlərdə daha açıq və dürüst qanunvericiliyin tətbiqini nəzərdə tutan yanaşma tətbiq edilməyə başlayıb. Nəticədə biznesi yükləyən qanunvericilik güclənib. Dünənə qədər Azərbaycan hökuməti qanunları tətbiq etmirdi, biznesmenlər korrupsiya ilə başlarını dolandırırdılar. İndi isə hökumət qanunların tətbiqinə daha çox maraq göstərir. Yəni bildirir ki, korrupsiya və rüşvəti ən az orta və aşağı səviyyədən yığışdırdım və qanunları tətbiq edirəm. Azərbaycanda isə biznesin real vəziyyəti elə səviyyədədir ki, o mövcud qanunvericiliyə reaksiya verə bilmir. Məsələn, vergi dərəcələri 5 faizdən 25 faizə qaldıranda fərdi sahibkarlar batırlar və bunun altından qalxa bilmirlər. Bu səbəbdən məsələləri rüşvət və korrupsiya ilə həll etmək daha rahat görünür”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanın indiki iqtisadi vəziyyəti xarici investisiyaların ölkəyə cəlb olunmasını tələb edir. Bu investisiyalar müxtəlif ölkələrdən və müxtəlif sahələrdən gələ bilər. O deyir ki, qanun layihəsindəki norma beynəlxalq investisiya hüququna uyğun olsa da, Azərbaycanda bu konsept ciddi sonuclarla nəticələnə bilər. Çünki Azərbaycanda qanunvericiliyin, xüsusilə, iqtisadi qanunların tətbiqində ciddi problemlər var:

“Bizim işimiz investisiya fəaliyyəti haqqında qanuna niyə belə dəyişiklik edilməsi məsələsi deyil. Əsas məsələ – Azərbaycanda hüququn aliliyini necə tətbiq etmək olar ki, insanlar bundan əziyyət çəkməsin olmalıdır. Qanunvericiliyin eyni zamanda iqtisadi aspektləri var ki, bu, artıq iqtisadçıların işidir. Ümumiyyətlə, deyə bilərik ki, norma hüquq baxımından neytraldır. Lakin Azərbaycanda hüququn aliliyi olmadığından bu norma praktikada investorların ciddi baş ağrısına çevrilə bilər”.

“Sabah məhkəmələrdə bu qanun tətbiq olunarsa, Azərbaycanda müstəqil inzibati məhkəmələrimiz varmı ki, qanunu tətbiq edə bilsinlər? Hökumət, icra hakimiyyəti və investisiya fəaliyyətinə nəzarət edən tənzimləyici qurumlarla üz-üzə gələrək qanunu ədalətli və düzgün tətbiq edə biləcəklərmi? Bunun təminatı olmadan, bu qanun digər qanunlar kimi problemlər yaradacaq,” – deyə hüquqşünas vurğulayır.

Ana səhifəİqtisadiyyatDövlət milli maraqlara zidd investisiyaları ala bilər