Samirə Qasımlı: “Hakimiyyət beynəlxalq platformalarda çıxışlarımdan narahat olub”

Samirə Qasımlı, foto: Meydan TV

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə Samirə Qasımlı özü məlumat yayıb.

O bildirib ki, bu gün Avropaya səfəri var idi. Lakin hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib. Qasımlı deyir ki, buna səbəb bir neçə gün öncə onun barəsində Qurbanəli Yusifov adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməsi olub.

“2 gün öncə Azər Qasımlının üzünə duran şəxs Qurbanəli Yusifov Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147-ci maddəsilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Bu həftənin cümə günü həmin məhkəmənin birinci baxış iclası olacaq. Bunun siyasi sifariş olduğu bilirdim, amma iki gün idi şərh vermədən gözləyirdim. Səbəb isə bu gün Avropaya səfərimin olması idi. Müəyyənləşdirmək istədim ki, məhkəmə işi Azər Qasımlıya qarşı bir təzyiqdir, yoxsa onun hüquqlarının müdafiə edən həyat yoldaşına”, – deyə Samirə Qasımlı bildirib.

Samirə Qasımılı deyir ki, ölkədən çıxa bilsəydi bu məhkəməni sadəcə psixoloji təzyiq kimi qiymətləndirə bilərdi. Onun sözlərinə görə hava limanında bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulub. Samirə Qasımlı bildirib ki, ona qarşı irəli sürülən şikayət icraata götürülmədən ölkədən çıxışına qadağa qoyula bilməzdi.

“Son 17 aydır mən fəaliyyətim siyasi məhbuslarla bağlıdır. Görünən odur ki, mənim bir siyasi məhbus ailəsi olaraq beynəlxalq platformalarda bu barədə danışmağımdan Azərbaycan hakimiyyəti ciddi narahat olur. Azər həbs olunanda demişdim ki, avtoritar rejimlərdə bir quş belə icazəsiz, öz iradəsilə uça bilməz”, – deyə Samirə Qasımlı vurğulayıb.

Samirə Qasımlı xüsusi ittiham qaydasında məhkəməyə verilib. Azər Qasımlıdan şikayət edən şəxs Qurbanəli Yusifov ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsiylə ittiham irəli sürüb.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 

Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Ana səhifəSiyasətSamirə Qasımlı: “Hakimiyyət beynəlxalq platformalarda çıxışlarımdan narahat olub”