Azərbaycanda dövlət qurumlarında aparılan ixtisarlar parlament müzakirəsinə çıxarılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib ki, son dövrlər bir sıra dövlət müəssisələrində kütləvi işdən çıxarılmalar həyata keçirilir.
Deputat: “Yüzlərlə insan işsiz qalıb”
Deputatın sözlərinə görə, “Bakı Metropoliteni”, “Xəzər Dəniz Gəmiçiliyi” və kommunal xidmət sahələrində genişmiqyaslı ixtisarlar aparılıb. O qeyd edib ki, bu addımlar büdcə xərclərinin azaldılması məqsədi daşısa da, nəticədə yüzlərlə insan işsiz qalıb:

“Biz bu qədər işsizə ya iş tapmalıyıq, ya da müavinət verməliyik. Müavinət verməkdə də müəyyən çətinliklərimiz var. Metroda işdən azad olunanlara deyilib ki, sizi başqa şirkətdə işə götürəcəklər. Gediblər ki, belə bir şey yoxdur. 100-200-dən çox insan işsiz qalıb. Bu, dövlətimizi xeyli təhlükələrlə üz-üzə qoya bilər”, – deputat bildirib.
Deputat Fazil Mustafanın fikrincə, ixtisarlar nəticəsində yaranan sosial problemlər gələcəkdə dövlətin təhlükəsizliyi ilə bağlı ciddi fəsadlara yol aça bilər və hökumət bu prosesə sosial təminat mexanizmləri olmadan yanaşmamalıdır.
Yerli media rabitə sistemində ixtisarlar barədə də yazır
Son günlər mediada dövlət qurumlarında aparılan ixtisarlarla bağlı məlumatlar paylaşılır. Buna misal olaraq, yerli medianın son günlər yazdığı məlumatlara görə, “Aztelekom”dan sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyində də ixtisarlar başlanıb. Mənbələrin bildirdiyinə görə, rabitə sahəsində işdən çıxarılanların əksəriyyəti uzun illər bu sahədə çalışmış mütəxəssislərdir. Onların yerinə isə ixtisası olmayan və şəxsi əlaqələrlə işə qəbul edilən şəxslərin götürüldüyü iddia olunur. Hər rayonda onlarla əməkdaş işdən azad edilir, yerinə isə təxminən 50 nəfər yeni işçi götürülür.
Mediada yazılanlara əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Bakı Telefon Rabitəsi MMC-yə bağlı telefon qovşaqlarının ləğvi ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında da ixtisarlar aparılır. Bildirilir ki, işçilərin təxminən yarısı aylıq əmək haqqının iki misli qədər təzminat ödənilməsi şərti ilə işdən çıxarılır. Onlara hər telefon qovşağında yalnız 100 nəfərin saxlanılacağı deyilib.
Rəsmi statistika: dövlət sektorunda 15,4 min nəfər azalıb
Rəsmi statistikaya görə, son bir ildə dövlət təşkilatlarında 15,4 min nəfər ixtisar edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il dekabrın 1-nə ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 797,4 min nəfər olub. Onların 869 mini dövlət sektorunda, 928,4 mini isə qeyri-dövlət sektorunda çalışıb.
Bir il əvvəl – 2024-cü il dekabrın 1-nə olan göstəricilərlə müqayisədə, əmək müqaviləsi ilə işləyənlərin ümumi sayı 22,1 min nəfər artsa da, bu artım əsasən qeyri-dövlət sektorunun payına düşür. Belə ki, həmin dövrdə dövlət sektorunda çalışanların sayı 15,4 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 37,5 min nəfər artım qeydə alınıb.