Onlayn sifarişlər gecikir, Gömrük Komitəsi səbəb kimi sifarişlərin artdığını bildirir

Foto: Meydan TV

Azərbaycanda vətəndaşlar onlayn platformalar üzərindən xaricdən sifariş etdikləri məhsulların bir çoxunun gömrükdə saxlanılmasından şikayət edirlər. Onlar bildirirlər ki, gecikmələr 15-20 gündür davam edir və məsələyə nə gömrük orqanları, nə daşıyıcı şirkətlər, nə də onlayn alış-veriş platformaları aydınlıq gətirmir.

“İki aydır ki, Çindən məhsul sifariş vermişəm, hələ də gəlib çıxmır. Sifarişim sanki kosmosdan gəlir”.

“Gömrükdə gecikmələr nə ilə əlaqədardır? Sifariş etdiyim məhsullarım 20 gündən çoxdur ki, gömrük yoxlanışındadır”, – vətəndaşlar yazırlar.

Üstəlik, bu prosesi şəxsi istehlak üçün gömrük limitinin 300 dollardan 100 dollara endirilməsi haqda rəsmən təsdiqini tapmayan məlumatlarla da əlaqələndirənlər var.

Dövlət Gömrük Komitəsi məsələ ilə əlaqədar bildirib ki, son dövrlərdə gömrükdə gecikmələrin səbəbi onlayn sifarişlərin sayının artması, bəzi hallarda məhsulların düzgün və ya tam bəyan edilməməsidir.

“Gömrük orqanları mövcud vəziyyəti tənzimləmək və baş verən uyğunsuzluqları aradan qaldırmaq üçün tədbirlər görür. Bu isə bəzən düzgün və vaxtında bəyan edilmiş bağlamaların buraxılış prosesinə təsir göstərir. Daşıyıcı şirkətlərlə vəziyyət dəqiqləşdirilir və belə halların təkrar olmaması tövsiyə olunur. Sifariş edən vətəndaşlardan xahiş olunur ki, yaranmış gecikmələrin müvəqqəti olduğunu nəzərə alsınlar”, – DGK-nin məlumatında deyilir.

Daşıyıcı şirkətlərin sosial media hesablarında isə vətəndaşlar bildirirlər ki, bəyannamə prosesinə hər zaman olduğu kimi əməl ediblər.

Ana səhifəSosialOnlayn sifarişlər gecikir, Gömrük Komitəsi səbəb kimi sifarişlərin artdığını bildirir