“Qurtuluş” Reabilitasiya Mərkəzinin üç əməkdaşı həbs edilib

Həbs. Foto: Africa Studio/Shutterstock

Narkotik və digər asılılıqlardan əziyyət çəkənlərin müalicə müəssisəsi adı ilə fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşı ağır cinayət ittihamları ilə həbs edilib.

Məlumata görə, mərkəzin rəhbəri Ceyhun Salmanov və iki əməkdaş Elşad Məhərrəmov, Natiq Əliyev qəsdən sağlamlığa az ağır zərər vurma, əzab vermə, adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə ittiham olunurlar.

Sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.

Yanvarın 19-da Baş Prokurorluq mərkəzdə vətəndaş şikayətləri əsasında araşdırma başladığını açıqlamışdı. Bildirilirdi ki, araşdırma zamanı müalicə adı ilə saxlanılan 11 nəfər prokurorluqda ifadə verib və onlar azadlıqlarının qanunsuz şəkildə məhdudlaşdırıldığını bildiriblər. Bu şəxslər daha sonra ailələrinə qaytarılıblar.

Qurtuluş Reabilitasiya Mərkəzinin saytında qeyd olunur ki, mərkəz 2021-ci ildə narkomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin psixoloji müalicəsi məqsədilə yaradılıb.

Ana səhifəSosial“Qurtuluş” Reabilitasiya Mərkəzinin üç əməkdaşı həbs edilib