İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının Azərbaycana qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirdiyi bildirilir.
Bu barədə yerli media Baş Prokurorluğun İstintaq İdarəsinə istinadla yazıb.
Vergi Xidmətinin İstintaq idarəsində əməliyyat müvəkkili vəzifəsində çalışan Fuad Orucovun mütəşəkkil dəstə tərkibində xüsusilə külli miqdarda qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı cinayət işi başlanılıb.
“İstintaq materiallarına əsasən, Fuad Orucov məhkum edilmiş Məhərrəmov Kamran, Qurbanov Xəyyam və digər şəxslərlə əvvəlcədən cinayət əlaqəsinə girərək Türkiyədən ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qanunsuz yollarla Azərbaycan ərazisinə gətirib.Prokurorluq tərəfindən aparılan istintaq zamanı Fuad Orucovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron aşkar edilib”, – xəbərdə deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Fuad Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumatda qeyd olunur ki, istintaq orqanları hazırda bu cinayətin törədilməsində digər vəzifəli şəxslərin də iştirak ehtimalını araşdırır.
Öncəki illərdə də eyni ittihamlarla yüksək vəzifəli şəxslər saxlanılıblar. 2024-cü ilin noyabrında Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov Türkiyədə 70 kiloqram qızıl külçə ilə saxlanılaraq Azərbaycana gətirilib. Həmin faktla bağlı istintaq araşdırmaları Dövlət Təhlükəsizliyi Xidmətində aparılırdı.
2025-ci ildə İstanbuldan Bakıya 41 qızıl külçə gətirməyə görə Səfər Səfərov və ona kömək edən gömrük əməkdaşı Əfsər Mirzəliyev 5 il müddətinə həbs olunublar.