Şəmşad Ağaya anasının yas mərasimində iştirak üçün 3 günlük icazə verilib

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsi “Meydan TV işi” çərçivəsində həbs olunan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağaya (Ağayev) anasının dəfn mərasimində iştirak etməyə icazə verib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilən qərara əsasən, Şəmşad Ağa Lerik rayonunun Şivlə kəndində keçiriləcək dəfn və yas mərasimində iştirak edə biləcək.

Qərarda göstərilir ki, jurnalistə anası Zərifə Ağayevanın dəfn mərasimində iştirak üçün yanvarın 29-dan etibarən üç gün müddətinə icazə verilib.

77 yaşlı Zərifə Ağayeva yanvarın 28-i günorta saatlarında vəfat edib. Onun parkinson xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Vəkil Fəxrəddin Mehdiyev Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət vermişdi.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və bu iş üzrə həbs olunanlara qarşı daha 7 maddə əlavə olunub.

Bu iş üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəSiyasətŞəmşad Ağaya anasının yas mərasimində iştirak üçün 3 günlük icazə verilib