Qızıl tarix yazır: qiyməti 5100 dollara çatdı

Dollar və qızıl. Foto: RomanR/shutterstock

Yanvarın 26-na qızılın bir unsiyasının qiyməti tarixdə ilk dəfə 5100 dollar həddinə çatıb. Xarici media bu faktı “misilsiz bir ralli” kimi qiymətləndirir. “Reuters” yazır ki, qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb və geosiyasi gərginliyin artması fonunda “təhlükəsiz limanı”na olan tələbin yüksəldiyi bir vaxtda tarixi artımını qoruyub saxlayır.

Xarici ekspertlərin fikrincə, bu yüksəliş təkcə təklif və tələb amilləri ilə deyil, eyni zamanda qlobal böhranlar, mərkəzi bankların siyasəti, artan geosiyasi risklər və bazar psixologiyası ilə birbaşa bağlıdır.

Qızıl tarixən oxşar dövrlərdə necə reaksiya verib?

Pul kütləsinin artdığı, yüksək inflyasiyanın hökm sürdüyü, müharibə və maliyyə böhranları ilə müşayiət olunan dövrlərdə qızıl mərkəzi banklar və investorlar üçün əsas təhlükəsiz yatağı olub. Bu baxımdan yaxın tarixdə qızılın hazırkı sürətli bahalaşmasına bənzər bir neçə kritik mərhələ müşahidə edilib.

1971-ci ilə qədər ABŞ dollarının məzənnəsi qızılın unsiyasına bağlı idi (Bretton-Vuds sistemi). Həmin il ABŞ Prezidenti Riçard Nikson dolların qızıla bağlılığını ləğv edən qərar verdi ki, bu da bazarlarda ciddi şok effekti yaratdı və qızılın sərbəst bazarda formalaşmasının yolunu açdı. Eyni dövrdə Vyetnam müharibəsinin maliyyələşdirilməsi və dövlət xərclərinin artması səbəbindən ABŞ-da pul kütləsi kəskin şəkildə genişləndi, inflyasiya isə 13 faizə çatdı. Dolların ucuzlaşması fonunda qızılın qiyməti 23 dəfə bahalaşaraq 1971-ci ildəki 35 dollardan 1980-ci ilin yanvarında rekord 850 dollara yüksəldi.

Növbəti böyük bahalaşma dalğası 2008-ci il qlobal maliyyə böhranı zamanı baş verdi. ABŞ-da ipoteka böhranı nəticəsində mənzil bazarının çökməsi bank sektorunu dərin böhranla üz-üzə qoydu və 2008-2011-ci illər tarixə qlobal maliyyə böhranı kimi düşdü. Bank sistemində resurs çatışmazlığı əlavə pul emissiyasına tələbat yaratdı və bu dövrdə ABŞ Federal Ehtiyat Sistemi (FED) trilyonlarla dollar dəyərində istiqraz aldı. Neftin və dolların ucuzlaşması qızılı yenidən investorların əsas “təhlükəsiz limanı”na çevirdi. Nəticədə 2007-ci ildə 600-700 dollar aralığında olan qızılın qiyməti 2011-ci ilin avqustunda o dövr üçün rekord sayılan 1921 dollara çatdı.

Növbəti bahalaşma mərhələsi 2020-ci ildə COVID-19 pandemiyası ilə başladı. Pandemiya həm səhiyyə, həm də iqtisadi böhranlara səbəb oldu. İqtisadiyyatları dəstəkləmək məqsədilə mərkəzi banklar yenidən pul ekspansiyasına əl atdılar. Bu zaman qlobal qeyri-müəyyənlik və iqtisadi fəaliyyətin dayanması investorları yenidən qızıla yönəltdi. Qızıl 2020-ci ilin avqustunda ilk dəfə 2000 dollar psixoloji həddini keçərək 2075 dollara yüksəldi.

Post-pandemiya dövründə Rusiya-Ukrayna müharibəsi, İran-İsrail gərginliyi və digər geosiyasi proseslər mərkəzi bankları investisiya siyasətlərində daha ehtiyatlı davranmağa sövq etdi. Nəticədə 2024-cü ildə qızılın qiyməti 2300-2700 dollar aralığına yüksəldi. Bu qiymətli metalın dəyəri 2025-ci il boyunca növbəti psixoloji həddi keçərək, 2026-cı ilin yanvarında ilk dəfə 5100 dollar həddini gördü.

Analitiklər bu kəskin sıçrayışı ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri və xarici siyasətlə bağlı sərt bəyanatları fonunda dollara olan etimadın zəifləməsi ilə izah edirlər. Bu şəraitdə, təbii olaraq investorların “təhlükəsiz liman” kimi qızıla marağı əhəmiyyətli dərəcədə artıb.

Yeni proqnozlar 6000 dollara doğru

Xarici analitiklər 2026–2027-ci illəri “qızıl dövrü” adlandırırlar. Artıq bir sıra beynəlxalq təşkilatlar və investisiya bankları cari və növbəti illər üçün qızıl qiyməti ilə bağlı proqnozlarını yeniləyiblər. “Goldman Sachs” 2026-cı il üçün proqnozunu 4900 dollardan 5400 dollara qədər yüksəldib. Bank bunu özəl investorların qlobal siyasi risklərdən sığortalanmaq məqsədilə qızıla kütləvi axını və inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının aktiv diversifikasiyası ilə əlaqələndirir.

“JP Morgan Global Research” qeyd edir ki, 2026-cı ildə mərkəzi bankların təxminən 755-800 ton qızıl alacağı gözlənilir. Bu göstərici son üç ilin 1000 tondan çox olan pik səviyyəsindən aşağı olsa da, 2022-ci ildən əvvəlki orta göstəricilərlə (400-500 ton) müqayisədə xeyli yüksəkdir. Bankın analitiklərinə görə, uzunmüddətli perspektivdə qızılın qiyməti unsiya üçün 6000 dollara qədər yüksələ bilər. Onların fikrincə, bu səviyyə mövcud maliyyə sisteminə olan etimadın zəifləməsinin simvolu olacaq.

Azərbaycanın qızıl strategiyası

 Hazırda dünyada mərkəzi bankların qızıl ehtiyatlarının həcminə görə ABŞ 8,2 min tonla birinci, Almaniya 3,4 min tonla ikinci yerdədir. Azərbaycanda isə qızıl alışları əsasən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə həyata keçirilir. Çünki ölkənin əsas valyuta ehtiyatları bu fond tərəfindən idarə olunur.

Əvvəlki maliyyə böhranlarında xarici aktivlərin idarə edilməsində ciddi itkilərlə üzləşən Fond 2024-cü ildən etibarən qızıl alışını aktivləşdirib. Bu addım valyuta ehtiyatlarının diversifikasiyasını artırmaqla yanaşı, uzunmüddətli qoruma strategiyasından qısamüddətli və orta müddətli yüksək gəlir strategiyasına keçidi də əks etdirir. Nəticədə 2024-cü ildə qızılın ümumi ehtiyatlardakı payı 20 faizə, 2025-ci ilin ilk 9 ayının nəticələrinə görə isə 32,8 faizə qədər yüksəlib. 2024-cü ildə ARDNF 146,6 ton qızıl alaraq aktivlərinə əlavə edib. 2025-ci il sentyabrın 30-na Fondun qızıl portfeli 184,8 ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Fondun qızıl alışları 2025-ci ilin sonlarına doğru daha da sürətlənib. Belə ki, həmin il 6,3 milyard dollar dəyərində qiymətli metal və daş idxalı qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə dəyər ifadəsində 46,7 faiz artım deməkdir. Müqayisə üçün, 2023-cü ildə bu kateqoriya üzrə idxal cəmi 56 milyon dollar olub.

ARDNF-nin qızıl alışlarını artırması tədiyə balansına ciddi təzyiq göstərərək təxminən 3 milyard dollarlıq kəsir yaradıb və ticarət balansının müsbət saldosunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bununla belə, ekspertlər hesab edirlər ki, qızılın bahalaşması ölkənin ümumi valyuta ehtiyatlarının dəyər baxımından artmasına müsbət təsir göstərir. Məsələn, Dövlət Neft Fondunun aktivləri 2025-ci il 9 ayında 70 milyard 161,7 milyon dollara çatıb. Bu artımda qızılın payı xüsusilə böyük olub. Belə ki, qızıl aktivlərinin dəyər artımı ARDNF-nin büdcədənkənar gəlirlərini 15 milyard dollardan çox yüksəldib.

Ana səhifəXəbərlərQızıl tarix yazır: qiyməti 5100 dollara çatdı