“Abzas Media”nın direktoru Ülvi Həsənli 10 saylı Cəzaçəkmə Müəssisəsində istilik sisteminin işləməməsindən şikayət edir.
Bu barədə Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Quliyeva deyir ki, noyabr ayından etibarən cəzaçəkmə müəssisəsində istilik problemi var.
“Ülvi artıq noyabr ayından bu günə qədər iki dəfə xəstələnib. 2025-ci ildə Penitensiar Xidmətin büdcəsi 200 milyon manat olub. Bura dövlət müəssisəsidir ya özəl? Əgər iki ədəd radiator almaq bu qədər qəlizdirsə mən alaram. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, işçilərinizə tapşırın, buraxsınlar!”, – deyə Quliyeva qeyd edib.
Ülvi Həsənli 2023-cü ilin noyabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. Onunla yanaşı, “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova, Elnarə Qasımova, direktor müavini Məhəmməd Kekalov, həmçinin araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər. Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.