Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinə dair reyestr məlumatlarını Siyasi Partiyalar haqda qanuna uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edib.
Partiyadan verilən məlumata görə, 5367 nəfərin reyestr məlumatları yanvarın 12-də Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərilib.
Məlumata görə, nazirliyin mövqeyinə əsasən sənədlər birbaşa qəbul edilmədiyindən, onlar sorğu qutusu vasitəsilə təqdim olunub.
AXCP rəhbərliyi qeyd edir ki, sənədlər partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin 11 üzvü tərəfindən imzalanaraq sorğu qutusuna yerləşdirilib. Prosesin icra olunduğunu təsdiqləmək məqsədilə video çəkiliş də aparılıb.
Məlumatda vurğulanır ki, bu addım partiyanın qanunvericiliyin tələblərinə əməl etdiyini göstərmək məqsədi daşıyır.
Hazırda partiyanın 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir. 2025-ci il dekabrın 1-də partiyanın sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb və onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Partiya üzvləri ittihamları rədd edir və siyasi motivli sayır.