Bakıda daha bir yanğın hadisəsi: Bu dəfə ikisi uşaq olmaqla 4 nəfər həlak olub

İllüstrasiya: Meydan TV

Lökbatanda yerləşən “Qobu Park-1” yaşayış kompleksindəki doqquzmərtəbəli binanın yeddinci mərtəbəsindəki mənzildə baş verən yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər  həlak olub.

Məlumata görə, həyatını itirənlərdən biri – 27 yaşlı Zülfiyyə Yusifova əslən Gədəbəy rayonundandır. O, 2015-ci ildə Füzuli rayonundan olan keçmiş məcburi köçkünlə ailə qurub. Cütlüyün 9 yaşlı Yusif adlı oğlu və 6 yaşlı Məryəm adlı qızı olub. Yanğın zamanı ana övladlarını xilas etməyə çalışsa da, tüstüdən boğularaq uşaqları ilə birlikdə həlak olub.

Hadisə zamanı Zülfiyyə Yusifovanın həyat yoldaşı da tüstüdən zəhərlənib, lakin onun həyatını xilas etmək mümkün olub.

Yanğın zamanı qonşu Yusif Hüseynov da hadisə yerinə daxil olaraq ailəyə kömək etmək istəyib. Lakin o da tüstüdən boğularaq həyatını itirib.

Baş Prokurorluqda ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə və yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə cinayət işi başlanıb.

Bu, son iki həftədə Bakıda baş verən üçüncü yanğın hadisəsidir. 

Bundan öncə, noyabrın 21-də Yasamalda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş vermişdi. Nəticədə 3 nəfər ölmüş, 20 nəfər isə zəhərlənmişdi.

Yanğınla əlaqədar başlanılan cinayət işi çərçivəsində bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Noyabrın 24-də isə Bakıda yerləşən beşmərtəbəli “AFEN Plaza” biznes mərkəzində baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb. Partlayışın səbəbləri açıqlanmayıb.

Ana səhifəSosialBakıda daha bir yanğın hadisəsi: Bu dəfə ikisi uşaq olmaqla 4 nəfər həlak olub