İki ilə yaxındır həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun noyabrın 6-da Ali Məhkəmədə təyin olunan iclası təxirə salınıb.
Məhkəmə prosesinə sədrlik edən hakim İlqar Qılıcov Tofiq Yaqubludan çıxış etmək fikrinin olub-olmadığını soruşarkən, siyasi fəal çıxış etmək istədiyini söyləyib.
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Hakim bildirib ki, Ali Məhkəmə işlərə aşağı instansiya məhkəmələrində baxılan zaman prosessual pozuntulara yol verilib-verilmədiyini araşdırır və bu üzdən, təqsirləndirilən şəxslərin burada geniş çıxış etmək imkanı olmasa da, Tofiq Yaqubluya çıxışına şərait yaradılacaq. Hakim məhkəməni növbəti 3 həftə ərzində təyin edəcəyini bildirib.
Tofiq Yaqublu isə cavabında deyib ki, əgər çıxışda səsləndirilən arqumentlərə, təqsirsizliyini sübut edən faktlara əhəmiyyət verilməyəcəksə, heç məhkəmə prosesini təxirə salmağa ehtiyac yoxdur:
“Əgər elə növbəti həftə də gəlib aşağı instansiyadakı hakimlərin dediyini deyəcəksinizsə, elə indidən deyin. O hakimlərə bu qədər sübut təqdim edəndən sonra ləyaqətsiz və tərbiyəsiz olduqlarını boyunlarına aldılar. Mən sizdən 1 faiz yox, 0,1 faiz ədalət və 0,1 faiz ləyaqət və kişilik istəyirəm. O, mənə kifayətdir ki, mənim suçsuz olduğumu etiraf edəsiniz”, – o məhkəmədə bildirib.