Aynur Elgünəşin filmi üç beynəlxalq festivalın proqramına daxil edilib

Aynur Elgunash, Illustration: Meydan TV

Meydan TV-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin qısametrajlı sənədli filmi “Çinar ağacının kölgəsində” beynəlxalq miqyasda diqqət qazanmağa davam edir. Film ardıcıl olaraq üç nüfuzlu festivalın proqramına seçilib.

Aynur Qənbərova (Elgünəş) 2024-cü il dekabrın 6-da “Meydan TV işi”nə görə saxlanılıb.
 
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Aynur Qənbərova ( Elgünəş ) özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu qeyd edir.

22–28 sentyabr tarixlərində keçiriləcək 22-ci Qlobal Sülh Film Festivalının (Global Peace Film Festival -ABŞ) qısametrajlı filmlər proqramında nümayiş olunacaq. Festival 2012-ci ildən bəri sülh mövzulu filmləri təqdim edərək müzakirə və həmrəylik üçün mühüm platforma yaradır.

Film həmçinin 7–11 oktyabr 2025-ci ildə Praqada baş tutacaq Press Play Prague – Beynəlxalq Jurnalistika Filmləri Festivalının müsabiqə proqramına daxil edilib. Bu il festival “Jurnalistika təzyiq altında” mövzusu ətrafında medianın güc strukturları ilə münasibətlərini, senzura, dezinformasiya və müstəqil jurnalistlərin fədakarlıqlarını gündəmə gətirəcək.

San-Pauloda keçiriləcək Entretodos festivalının (Entretodos Festival -Braziliya) 18-ci buraxılışında da film müsabiqə proqramında nümayiş olunacaq. Festival insan hüquqları və vətəndaşlıq mövzularına həsr olunmuş qısametrajlı filmlərə diqqət ayırır.

“Çinar ağacının kölgəsində” Aynur Elgünəşin şəxsi hekayəsinə əsaslanır. Məcburi köçkün kimi tərk etdiyi doğma şəhəri Ağdama 28 ildən sonra jurnalist olaraq qayıdan Aynur xatirələr və xarabalıqlar arasında keçmişinin izlərini və uşaqlıq illərini axtarır. Film dünya premyerasını 2022-ci ildə Sarayevo Film Festivalında edib.

Ana səhifəTövsiyəAynur Elgünəşin filmi üç beynəlxalq festivalın proqramına daxil edilib