NİDA Vətəndaş Hərəkatının üzvü, İT mütəxəssisi İsmayıl Tağıyev deyir ki, Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib və bu səbəbdən iş tapmaqda ciddi maneələrlə üzləşir.
Tağıyevin sözlərinə görə, bu ilin mayından etibarən müxtəlif dövlət və dövlətə bağlı qurumlara iş üçün müraciət etsə də, müsabiqə mərhələlərini uğurla keçməsinə baxmayaraq, son anda imtina cavabı alır.
O, Meydan TV-yə bildirir ki, imtinalar əsasən anket mərhələsindən – şəxs və ailə üzvləri haqqında məlumatların təqdim edilməsindən sonra baş verir.
İsmayıl Tağıyev daha əvvəl jurnalist fəaliyyəti ilə məşğul olub və 2024-cü ilin aprelində Bakı şəhər Baş Polis İdarəsində “AbzasMedia işi” üzrə şahid qismində dindirilib.
“Rusiyanın ən böyük texnologiya şirkətlərindən birində çalışmışam, İT sahəsində üç ildən artıq təcrübəm var. Azərbaycana qayıtdıqdan sonra iş axtarmağa başladım. Müraciət etdiyim yerlərdə seçim mərhələlərini uğurla keçdim. Lakin şəxsi və ailə məlumatlarımı təqdim etdikdən sonra ya cavab gəlməyib, ya da rədd olunmuşam”, – Tağıyev bildirir.
Onun sözlərinə görə, sonuncu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən süni intellekt laboratoriyasına dəvət olunub və bütün mərhələlərdən keçib. Lakin bir ay sonra ona bildirilib ki, şəxsi məlumatların yoxlanılması nəticəsində nazirlik onun işə qəbuluna razılıq verməyib. Hər hansı rəsmi əsas isə göstərilməyib.
İsmayıl Tağıyev yaranmış vəziyyətin siyasi səbəblərlə bağlı olduğunu düşünür. O, bunun arxasında həyat yoldaşı, fəal Cəmilə Əlişovanın siyasi fəaliyyəti dayandığını ehtimal edir:
İsmayıl Tağıyevin həyat yoldaşı Cəmilə Əlişova 2025-ci il yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkilərində namizəd olub. Seçki öncəsi və sonrası Cəmilə Əlişova bir sıra maneələrlə üzləşib və bunları sosial şəbəkə hesabı vasitəsilə ictimailəşdirib.

“Həm mən, həm də həyat yoldaşım NİDA hərəkatının üzvüyük. Cəmilə bu il keçirilən bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizədliyini irəli sürmüşdü. Ehtimal edirəm ki, bu səbəbdən şəxsi məlumatlarımız yoxlandıqda “siyasi baxış” kimi qiymətləndirilib və buna görə rədd cavabları gəlir. Dövlətə bağlı qurumlar sənədlərimə ilkin baxışdan sonra imtina edirlər. Bu, dövlət tərəfindən həm fiziki, həm də virtual olaraq izlənməyimizdən xəbər verir.Təssəvür edin ki, Azərbaycanda mənim çox böyük təcrübəm ola-ola heç bir işə girə bilmirəm. Mənim də işləmək, ac qalmamaq və rahat yaşamaq hüququm var, amma bu hüquq faktiki olaraq Azərbaycan dövləti tərəfindən əlimdan alınıb”.
İsmayıl Tağıyevə hansı səbəbdən imtina cavabı verilməsi ilə bağlı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən şərh almaq mümkün olmayıb.