Səid Xətibzadə Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın törədən şəxs barəsində hökm icrasının gecikmə səbəbi barədə də danışıb
Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.
Bu, BMTM-də “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində gerçəkləşib.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Daha sonra İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə jurnalistlərin suallarını cavablandırıb.
O, bildirib ki, rəsmi Tehran Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə öz dəstəyini ifadə edir.
Xətibzadə 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı basqından danışıb. Hadisəni törədən Yasin Hüseynzadə barəsində hökm icrasının gecikmə səbəbi barəsində məlumat verib.
“Azərbaycanın səfirliyinə hücum acı bir hadisə idi. Bu hadisədən sonra həm polis, həm də məhkəmə hakimiyyəti tərəfindən çox geniş istintaq aparıldı. Baxmayaraq ki, bu acı hadisə idi, amma hər iki xalqın təmaslarını daha da yaxınlaşdırdı. Hər iki tərəf münasibətləri yenidən canlandırmaq üçün təşəbbüslər irəli sürdü. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”.
Mayın 6-da İran və Azərbaycan arasında münasibətlərin yaxşılaşması fonunda Tehranla Bakı arasında gündəlik reyslər bərpa olunur.
İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.
Hazırda Tehranla Bakı arasında birbaşa uçuşlar İran Hava Yolları (Iran Air) tərəfindən həftədə bir dəfə həyata keçirilir.
Bugünlərdə iki il əvvəl qismən məhdudlaşdırılan “Bank Melli İran”ın Bakı filialı da fəaliyyətini tam bərpa edib.
Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin mayında – Azərbaycan və İran münasibətlərində gərginlik yaşandığı dövrdə filialda yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB-nin sədri Taleh Kazimov bununla bağlı bildirmişdi ki, filialda nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib:
“Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək”.
Aprelin 28-də Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində tərəflər əməkdaşlıqla bağlı bir çox sənədlər imzalayıb. Prezidentlərin mətbuata bəyanatlarında vurğulanmışdı ki, tərəflər beynəlxalq təşkilatların nəzdində də birgə əməkdaşlığa üstünlük verirlər.
2024-cü ilə qədər iki ölkə arasında münasibətləri gərginləşdirən bir çox hadisələr baş verib. İkinci Qarabağ müharibəsindən sonra hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar yaratmışdı.
2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Ardınca Azərbaycanda bir çox həbslər oldu. Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotik ittihamı ilə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar “İran casusu” kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər.
Amma xüsusilə son bir ildə hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa dair fikirlər səsləndirirlər.
Azərbaycanın İrandakı səfirliyi 2024-cü il iyulun 15-də yeni ünvanda bərpa edilib.
2024-cü il dekabrın 15-dən isə Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.