Jurnalist vurğulayıb ki, qərarla razılaşmır və apellyasiya şikayəti verəcək
“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib.
Bu barədə jurnalist özü məlumat verib.
“Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur. ”, – Ülviyyə Əli bildirib.
Jurnalist vurğulayıb ki, qərarla razılaşmır və apellyasiya şikayəti verəcək.
“Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa tətbiq oluna bilər. Azərbaycanda onlarla şəxsin bu cür qanunsuz şəkildə ölkədən çıxışına qadağa qoyulub və aylardır şikayət verməklərinə baxmayaraq qadağa götürülmür”.
2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilən Ülviyyə Əlinin ölkədən çıxışına qadağa qoyulub.
Ülviyyə Əli həmin vaxt bildirib ki, qərarla bağlı məhkəməyə müraciət edəcək.
Onun sözlərinə görə, hansısa medianın əməkdaşı olmaq cinayət deyil, lakin bu situasiyada qərar ona aydın deyil və əsassızdır, çünki o Meydan TV-nin əməkdaşı deyil.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş (Qənbərova), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
2025-ci fevralın 5-də Meydan TV-nin daha bir əməkdaşı, həmçinin də “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.
Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Son 1 il 2 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub.
Onların arasında “AbzasMedia”, “Toplum TV”, “Kanal 13” və digər media orqanlarının əməkdaşları var.