O əlavə edib ki, Ukraynanın Rusiya ordusunu tam geri oturdacaq canlı qüvvəyə malik olduğuna inanmır
ABŞ-nin yeni Prezidenti Donald Trampın dövlət katibi postuna namizədi Marko Rubio bildirib ki, Rusiyanın işğal etdiyi bütün torpaqları Ukraynanın geri qaytarması real deyil.
Rubionun sözlərinə görə, ABŞ-nin məsələdə rəsmi mövqeyi müharibənin sona çatması olmalıdır.
Rubio həmçinin əlavə edib ki, Ukraynanın Rusiya ordusunu tam geri oturdacaq canlı qüvvəyə malik olduğuna inanmır.
“Kiyev Rusiyanın genişmiqyaslı işğalı nəticəsində yaranan müharibəyə son qoymaq üçün Moskvaya güzəştə getməli olacaq. Ukrayna maliyyə yox, canlı qüvvə baxımından sıxıntı yaşayır. Əgər biz bu müharibəni həqiqətən dayandırmaq istəyiriksə, belə olan halda, real diplomatiya tərəflərdən güzəştlər tələb edəcək”, – Rubio bildirib.
Rubionun sözlərinə görə, Tramp müharibənin sona çatması ilə bağlı razılığa gəlib və Bayden administrasiyasını prosesi yubatdığına görə tənqid edib.
“Vladimir Putinin etdikləri qəbuledilməzdir, buna heç bir şübhə yoxdur, lakin bu müharibə bitməlidir və məncə, ABŞ müharibənin sona çatmasını görmək istəyir. Mövqeyimiz müharibənin ukraynalıların öhdəsinə buraxılmalı olduğunu iddia edən Bayden administrasiyasından fərqlənəcək”, – Rubio deyib.
ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya 2022-ci il fevralın 24-də başlayan genişmiqyaslı işğaldan bu yana 700 mindən çox əsgərini itirib. Ukrayna da yüz minlərlə itki verib.
Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.