Əliyev ailəsinin ofşor trastların arxasında gizlədilən London mülkləri

Kollaj: OCCRP

OCCRP araşdırır, Prezident Adminstrasiyası şərh vermir

Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi və yaxınlarının Böyük Britaniyada yüz milyonlarla dollar dəyərində daşınmaz əmlak əldə etdiyi bildirilir. 

Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) araşdırıb

Bildirilir ki, şəffaflıqla bağlı yeni islahatlara baxmayaraq, ictimaiyyətin bunu bilməsinin elə bir yolu qalmayıb, çünki ofşor fondlara xüsusi yanaşma var. 

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Böyük Britaniyada qəbul olunan yeni qanunvericiliyin məqsədi ölkədəki əmlak üzərində gizli xarici sahibləri üzə çıxarmaqdır. Bununla da Britaniya rusiyalı oliqarx və məmurların mülklərinin müsadirəsini asanlaşdırmağı hədəfləyib. 

Azərbaycanın hakim ailəsinin mülklərinin də bu qanunvericilikdən irəli gələn tələblərlə aşkara çıxarıldığı vurğulanır. 

60 milyon dollarlıq 10 əmlakın hazırkı sahibləri naməlum qalır…

OCCRP-nin araşdırmaçıları əldə etdikləri yeni məlumatlara istinadən Əliyevin qızlarının Londonda 6 dəbdəbəli mənzili olduğunu yazırlar. 

Amma onlar bildiriblər ki, hakim ailəyə məxsus 160 milyon dollarlıq 10 əmlakın hazırkı sahibləri naməlum qalır, çünki ofşor trastın idarəetməsinə verilib.

OCCRP vurğulayır ki, şəffaflıq tələb edənlər bunu korrupsiya ilə mübarizə səylərinə zərbə vuran ciddi boşluq sayırlar. Amma sənaye qrupları, bəzi siyasətçilər isə şəffaflığın artırılmasına qarşıdırlar, gizliliyin saxlanmasının vacibliyini vurğulayırlar.

OCCRP hələ 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və yaxın ətrafının Londonda dəyəri 700 milyon dollara yaxın daşınmaz əmlak əldə etdiyini aşkarlamışdı. Həmin mülklərin sahibləri isə gizli ofşor şirkətlər idi. Bu da əsl sahiblərin kimliyini gizlətməyə kömək edirdi. 

“Pandora Papers” adlı gizli ofşor sənədlərinin ictimaiyyətə sızması həmin mülklərin Əliyevlərlə əlaqələndirilməsinə imkan verib.

Mülkiyyəti indi ofşor trastın arxasında gizlədilən Əliyevin mülkləri arasında “Hayd Park”dan bir neçə addımlıq məsafədə yerləşən lüks “Knightsbridge” binasında 4 mənzil və 2 penthaus var.

Londondakı 6 mənzil

2022-ci ildə qəbul olunmuş İqtisadi Cinayət Aktı Britaniyada əmlak sahibi xarici şəxslərdən benefisiar (əsl) sahiblərini açıqlamağı tələb edir.

OCCRP və “Transparency International UK” daha əvvəl Əliyevlərlə əlaqələndirilən 23 London mülkünü yenidən araşdırıb. 

“Hayd Park”-dakı mənzillər. Foto: OCCRP

“Dənizaşırı Qurumlar Reyestri” Prezidentin qızları Leyla və Arzu Əliyevaların “Hayd Park”la üzbəüz küçədə altı dəbdəbəli mənzilin sahibi olduğunu təsdiqləyir.

Ancaq reyestrdə Əliyevlər və yaxınlarının 160 milyon dollara aldığı 10 əmlakın əsl sahiblərini görmək mümkün deyil. Bu halda Əliyevlərin əmlakları xüsusi ofşor trastlarla idarə etdiyi üzə çıxıb. 

Məlumatda bildirilir ki, trastın təsisçisi mülkiyyətini menecerə təhvil verir və əslində mülkiyyət hüququnu, onu idarə etmək qabiliyyətini itirmiş olur. 

Mülkiyyətin tək sahibi menecer olur. O, təsisçinin seçdiyi şərtlər əsasında gəlirləri bölüşdürür, hətta bu işə görə mükafat da alır.

Azərbaycan Prezident Administrasiyası araşdırma ilə bağlı hər hansı bir şərh verməyib. 

Prezident Əliyev vaxtilə İtaliya mediasına müsahibəsində həmin əmlakları özünün və ailəsinin uğurlu biznesi saymışdı.

2021-ci ildə OCCRP-nin araşdırması yayılandan az sonra o, bir müsahibəsində Prezident postuna gələrkən yoxsul olmadığını, sərvətini övladlarına transfer etdiyini deyirdi. Baxmayaraq ki, onun azyaşlı oğlunun Dubayda milyonluq mülklərinin olduğu barədə də araşdırmalar dərc edilmişdi.

Ana səhifəTövsiyəƏliyev ailəsinin ofşor trastların arxasında gizlədilən London mülkləri